BAKI, 2 iyul. TELEQRAF

Çin okean mühitinin monitorinqi üçün nəzərdə tutulan Haiyang-2E peykinin uğurlu buraxılışını həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Məlumata görə, CZ-4B (Long March-4B) daşıyıcı raketi Tsyütsüan kosmodromundan havaya qalxıb və peyki Günəşlə sinxron orbitə çıxarıb. Buraxılış uğurlu hesab olunub.

CZ-4B Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanmış üçpilləli maye yanacaqlı raketdir. O, orbitə 2,5 tona qədər yük daşımaq imkanına malikdir.

Çin son illər milli kosmik proqramının inkişafına xüsusi diqqət ayırır. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peyklərinin hazırlanması ilə yanaşı, Ayın tədqiqi istiqamətində də layihələr həyata keçirir.

Bundan başqa, Çin mütəxəssisləri dövlət dəstəyi ilə asteroidlərin və Marsın araşdırılması proqramlarını reallaşdırırlar. Hazırda orbitdə fəaliyyət göstərən Çin kosmik stansiyası beynəlxalq əməkdaşlıq üçün də istifadə olunur.