BAKI, 2 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İspaniyanın Şimali Atlantika Alyansında Vaşinqton üçün yaxşı müttəfiq olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Şimali Dakota ştatında çıxışı zamanı danışıb.

“İspanlar NATO üzvüdür, amma NATO-nun elə də yaxşı üzvləri deyil. Onlar başqalarına kömək etmək istəmədiklərini deyirlər”, - ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, İspaniya hazırda özünü düzgün aparmır, lakin gələcəkdə mövqeyini dəyişəcək.

ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker isə bildirib ki, Vaşinqton Madridin ABŞ-İsrail və İran müharibəsi zamanı tutduğu mövqedən və hərbi xərcləri ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq istəməməsindən narazıdır.

İspaniya hökuməti isə NATO qarşısındakı öhdəliklərini ÜDM-in təxminən 2 faizi həcmində müdafiə xərcləri ilə yerinə yetirə biləcəyini açıqlayıb.

Xatırladaq ki, NATO-nun 2025-ci ilin iyununda keçirilən sammitinin yekun sənədində üzv ölkələrin 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırması barədə razılıq əldə olunduğu bildirilmişdi. Bu mövqe ABŞ və şəxsən Prezident Tramp tərəfindən sərt tənqid olunub.

Bundan başqa, İspaniya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını əvvəldən dəstəkləməyib və Vaşinqtona öz ərazisində yerləşən hərbi bazalardan bu məqsədlə istifadə etməyə icazə verməyib.