BAKI, 2 iyul. TELEQRAF
Venesuela parlamentinin sabiq deputatı və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ABŞ hakimiyyətindən vətəninə qayıtmasına yardım göstərilməsini xahiş etsə də, Vaşinqtondan rədd cavabı alıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Maçado 2025-ci ildə Nobel Sülh Mükafatını almaq üçün ölkədən ayrıldıqdan sonra ABŞ rəsmilərinə müraciət edərək, zəlzələdən zərər çəkənlərə yardım göstərmək məqsədilə Venesuelaya qayıtmaq istədiyini bildirib. Lakin ABŞ Prezidenti Donald Trampın administrasiyası onun müraciətlərini qəbul etməyib.
Məlumata görə, Ağ Evdə bəzi rəsmilər Maçadonun Vaşinqtonla münasibətləri əvvəlki səviyyədə bərpa edə biləcəyinə şübhə ilə yanaşırlar. Nəşr qeyd edir ki, ABŞ administrasiyası Venesuela ilə münasibətlərdə sabitlik və hazırkı hakimiyyətlə əməkdaşlığa üstünlük verir.
Qəzetin iddiasına əsasən, Maçado ötən həftəsonu Karib dənizində yerləşən Kürasao üzərindən Venesuelaya keçməyə cəhd edib. Lakin adanın xarici siyasətinə nəzarət edən Niderland hakimiyyəti ABŞ-ın dəstəyi olmadan onun girişinə icazə verməyib.
Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində minlərlə insan həlak olub. Son məlumatlara görə, təbii fəlakət zamanı 2 295 nəfər həyatını itirib.