BAKI, 1 iyul. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ağ Ev İran ətrafındakı vəziyyətə görə alyansın Avropa müttəfiqlərindən məyusdur.

Teleqraf xəbər verir ki, Rutte "Handelsblatt" qəzetinə verdiyi müsahibədə bildirib ki, Ağ Evdə İranla bağlı Avropadan məyusluq var: "Vaşinqtonda bunun tək-tək hadisələrlə əlaqəli olduğunu izah etməyə çalışdım. Lakin ümumi mənzərəni - Avropa bazalarından 5000-ə qədər Amerika təyyarəsinin uçuşunu nəzərə alsaq, Avropa ABŞ-ın güc nümayiş etdirməsi üçün yeganə əsas platformadır. Bu, ABŞ-nin Avropa ilə ittifaqda birbaşa marağının olmasının ən vacib səbəblərindən biridir".

NATO-nun baş katibi hesab edir ki, təşkilat çox güclü qaldığına görə ABŞ Prezidenti Donald Trampa minnətdarlıq borcu var. O, Kanada və Avropa ölkələrinin müdafiə xərclərini artırdığını da qeyd edib.