BAKI, 1 iyul. TELEQRAF
Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski NATO-nun baş katibi Mark Ruttenin Rusiya ilə bağlı bəyanatını tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə rusiyalı deputat Teleqram kanalında paylaşım edib.
Slutski Ruttenin "Anadolu agentliyi"nə müsahibəsində Rusiyanı NATO üçün əsas təhlükə adlandırması və buna görə gecələr yata bilməməsi haqqında çıxışına münasibət bildirib:
"İronik yanaşmaq olar, amma mənim fikrimcə, NATO baş katibinin reaksiyası tamamilə başa düşüləndir. Belə hallarda insanı adətən vicdanı oyaq saxlayır. Dağıdılmış Avropa təhlükəsizlik sistemi, qlobal münaqişə riskinin yaranması və NATO-nun siyasəti nəticəsində qurban verilən milyonlarla insan buna səbəb olur", - o qeyd edib.
Slutski həmçinin bildirib ki, Mark Rutte səhvlərini etiraf etməli, Avropadakı böhrana görə məsuliyyəti öz üzərinə götürməli və Rusiyanın 2021-ci ilin dekabrında irəli sürdüyü qlobal təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərə qayıtmalıdır.