BAKI, 1 iyul. TELEQRAF
Ermənistanın Seçki Məcəlləsinə planlaşdırılan dəyişikliklər ölkə vətəndaşlarının seçkilərdə iştirak hüququnu məhdudlaşdıra bilər.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hazırladığı dəyişikliklərə əsasən, vətəndaşlar yalnız seçki günündən əvvəlki altı ay ərzində respublika ərazisində yaşadıqları halda seçkilərdə və referendumlarda iştirak edə biləcəklər:
"Qanunlar vətəndaşların hüquqlarını qorumaq üçün nəzərdə tutulur. Amma burada tam əksini görürük. Ermənistan pasportuna malik insanlar bəzi fundamental hüquqlarından, o cümlədən seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər".
O, bildirib ki, Ermənistandakı avropalı mütəxəssislərin fəal işini nəzərə alsaq, Moldovada 2025-ci il seçki kampaniyasını xatırlamamaq mümkün deyil:
"Həmin vaxt Moldova Prezidenti Maya Sandu rejimi Rusiyadakı həmvətənlərinin səs vermək hüququndan istifadə etmələrinin qarşısını almaq üçün qəsdən hər şeyi etmişdi. Eyni şey Ermənistan üçün də keçərlidir. Diaspor öz ölkələrinin və xalqının ictimai-siyasi həyatından təcrid olunmuş qalacaq".