BAKI, 1 iyul. TELEQRAF
Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlara başlanılmasının dövlət qərarı olduğunu və bunun ölkənin milli suverenliyinə xələl gətirmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin ofisinin yaydığı açıqlamada qeyd olunub.
Aun vurğulayıb ki, söhbət sülh müqaviləsindən deyil, yalnız çərçivə sazişindən gedir:
"Biz yalnız çərçivə sazişindən danışırıq, sülh müqaviləsindən yox. Livan öz ərazisindən və ya fundamental siyasi prinsiplərindən imtina etməyib", - dövlət başçısı bildirib.
Prezident İsraillə razılaşmanın əleyhdarlarını öz arqumentlərini konstitusiya institutları çərçivəsində təqdim etməyə çağırıb.
"Gəlin siyasi fikirləri müzakirə edək. Amma heç kim həqiqəti təhrif etməməli, tərəfdarlarını Vaşinqtonda imzalanmış sənədin təslimçilik və alçaldıcı sənəd olduğuna inandırmamalıdır", - Aun qeyd edib.