BAKI, 18 iyun. TELEQRAF

Belarusun Təl-Əvivdəki səfiri Yuri Yaroşeviç iyunun 17-də İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb Belarus lideri Aleksandr Lukaşenkonun İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərini tənqid etməsi olub.

Lukaşenko Fələstin anklavındakı döyüşlərlə Holokost arasında paralellər aparıb.

İsrail XİN-in açıqlamasında deyilir: "İsrail xarici işlər naziri Gideon Saarın göstərişi ilə Belarus səfiri Yuri Yaroşeviç Lukaşenkonun təəccüblü açıqlamalarına görə XİN-ə çağırılıb. İsrail Belarus torpağında da baş verən Holokost dəhşətlərinin İsrailin terrora qarşı ədalətli müharibəsi ilə müqayisəsini qəti şəkildə rədd edir".

Daha əvvəl, Əl-Ərəbiyyə televiziyasına verdiyi müsahibədə Lukaşenko İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına hüquqi qiymət verilməsini vacib sayıb. O, İsraili daha diqqətli, daha ehtiyatlı olmağa çağırıb. Qəzzadakı hadisələrdən danışarkən, Lukaşenko İkinci Dünya Müharibəsi zamanı Avropada yəhudilərin kütləvi şəkildə məhv edilməsini xatırladıb. Belarus Prezidenti qeyd edib ki, Qəzzada hər şey yer üzündən silinib və indi insanların sümükləri üzərində bir növ kurort tikilir. Lukaşenko ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən Qəzzanın inkişaf layihəsini "tam axmaqlıq" adlandırıb.