BAKI, 17 iyun. TELEQRAF
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasının (ATV) suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
ATV: Bahar xanım, dünyada ailə institutu qlobal və rəqəmsal təhdidlərə məruz qalır. Müasir dövrdə ailə dəyərlərinin sütun kimi dayanıqlığı olduqca vacibdir. Azərbaycanda bu risklər və təhdidlər necə qabaqlanır?
- Doğru vurğulayırsınız ki, bu gün dünya rəqəmsal yeniliklər və çağırışlar baxımından vacib transformasiya dövrünü yaşayır. Azərbaycan da bu qlobal məkanın ayrılmaz parçasıdır. Bu baxımdan, dünyada gedən proseslər cəmiyyətimizə, xüsusilə insanların və ailələrin həyatına ciddi təsir göstərir. Bu məsələ bizim üçün təkcə sosial siyasətin hədəfi deyil, bu həm də təhlükəsizlik, informasiya məkanının qorunması və Azərbaycan ailəsinin gələcəyi məsələsidir.
Azərbaycan ailəsi tarix boyu öz milli-mənəvi dəyərlərini qoruyub. O, cəmiyyətin istinadgahı və milli kimliyimizi gələcəyə daşıyan bir subyekt kimi çıxış etməkdədir. Bu baxımdan, qlobal transformasiya onun fəaliyyətinə, daxili mühitinə təsir göstərir.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri də ailəni yeniliklərdən kənarda saxlamaq deyil, onu rəqəmsal prosesə hazırlamaq işində yaxından iştirak etməkdir. Biz öz səlahiyyətlərimiz çərçivəsində ailənin möhkəmləndirilməsi və hər cür təhdidlərə qarşı dayanıqlığının artırılması istiqamətində çalışırıq. Bu fəaliyyət qanunvericilik aktları, komitənin əsasnaməsi, o cümlədən cənab Prezidentin qəbul etdiyi fərman və sərəncamlarla tənzimlənir.
Hesab edirəm ki, ailənin qorunması istiqamətində qarşımızda duran vəzifələrin həm vaxtında müzakirəsi, həm də qərarların verilməsi və nəticələrinin düzgün dəyərləndirilməsi baxımından gecikmirik. Ailəni təhdid edən təhlükələri aradan qaldırmaq üçün işimizi digər aidiyyəti dövlət qurumları ilə birlikdə koordinasiya olunmuş şəkildə həyata keçiririk.
Teleqraf İA: Artıq bir neçə ildir ki, "Böyük Qayıdış" proqramı həyata keçirilir və bunun nəticəsində yüzlərlə ailə işğaldan azad olunmuş doğma yurdlarına qayıdır. Orada yeni həyat şəraiti və fərqli qonşuluq mühiti formalaşır. Maraqlıdır, köçən insanların illər öncə qırılmış sosial bağları necə bərpa olunur və Dövlət Komitəsi bu istiqamətdə hansı layihələri həyata keçirir?
- Biz bu məsələni daim diqqətdə saxlayırıq. Hazırda bütün aidiyyəti qurumların yerlərdə fəaliyyəti əlaqələndirilir. Dövlət Komitəsi də bu istiqamətdə işini həmin koordinasiyaya uyğun şəkildə qurur.
İlk növbədə insanlarla ünsiyyət qurmaq, onların problemlərini bilmək lazımdır. Düşünürəm ki, köç edən ailələrin sosial-iqtisadi qayğılarından daha çox mənəvi məsələlər - yeni mühitə adaptasiyası ön plandadır. Nəzərə alaq ki, ora smart (ağıllı) ərazidir, rəqəmsal imkanlar var və şərait tamamilə yenidir. Köhnə qohumlar bu gün yeni qonşular kimi bir məkanda yaşayırlar. Bu baxımdan, yarana biləcək psixoloji və mənəvi məsələləri vaxtında aşkar etmək və problemi aradan qaldırmaq olduqca vacibdir. Ora köçən ailələrlə görüşəndə dedim ki, problemləri köhnə yerdə qoyun, bura ancaq yeni arzularla qayıdın, yurdun fəal sakini deyil, əsl sahibi olmağa çalışın.
Məhz bu məqsədlə fəaliyyətimizdə öncə maarifləndirmə tədbirlərinə üstünlük veririk. Bura insanların yeni mühitə adaptasiyası, sağlam qonşuluq münasibətlərinin qurulması, həmçinin ailə daxilində valideynlərin öz aralarında, eləcə də uşaqlarla ünsiyyətinin düzgün formalaşması daxildir.
Görülən işlərə gəlincə, 2024-2026-cı illər ərzində həm dövlət qurumlarının əməkdaşları, həm də həmin ərazilərdə məskunlaşan qadın və uşaqların iştirakı ilə xüsusi təlimlər təşkil etdik. Bu təlimlər “Uşaq və valideynlərin sosial ünsiyyət bacarıqlarının artırılması”, “Süni intellekt savadlılığı” kimi mövzuları əhatə edib və ümumən 514 nəfər faydalanıb.
Bununla yanaşı, Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz sosial tərəfdaşlıq çərçivəsində 904 həssas ailəyə müxtəlif dəstək tədbirləri həyata keçirib. Həmçinin şəhid və qazi ailələrinin ehtiyaclarını öyrənmək məqsədilə 618 ailəyə səfər təşkil edilib, həssas qruplardan olan 238 qadına psixoloji konsultasiya xidməti göstərilib. Biz inanırıq ki, bu addımlarla oradakı hər bir insan yeni məkana dəyər qatan fəal vətəndaşa çevriləcək.
ATV: Son illər boşanmaların sayında artım, nikahlarda isə azalma müşahidə olunur. Sizcə, bunun səbəbi nədir və gənclərin evlənməyə marağının azalmasına nə təsir edir?
- Biz də qlobal mühitin bir hissəsi kimi, beynəlxalq aləmdə gedən transformasiyaların ciddi təsirinə məruz qalırıq. Əslində Azərbaycanın ailə dəyərlərinin zəiflədiyini düşünmürəm. Sadəcə dəyişən mühitdə yeni tələblər, yeni şərtlər çərçivəsində buna yanaşmalar fərqlidir. Əgər əvvəllər adət-ənənələrimiz rəhbər tutulurdusa, erkən yetkinlik yaşına çatan gənc oğlan və qızların qarşısında ilk vəzifə ailə qurmaq idisə, bu gün gənclər öncə təhsil almaq istəyirlər. Bu da ailə qurmağı müəyyən qədər gecikdirir, bununla yanaşı yeni şüur səviyyəsi evliliyə fərqli baxış gətirir.
Müasir gənclər ailə qurmaq qərarına daha məsuliyyətli və düşünülmüş yanaşırlar. Onlar ailədə qarşılıqlı hörmətə, emosional uyğunluğa və ortaq məsuliyyətə daha çox dəyər verirlər. Beləliklə, gənclər daha dayanıqlı əsaslar üzərində ailə qurmaq istəyirlər.
Əlbəttə ki, boşanmalar var və bu statistika bizi narahat edir. Boşanmalara gətirib çıxaran müəyyən səbəblər bütün aidiyyəti qurumların fəaliyyət istiqamətlərində nəzərə alınmalıdır.
Biz əvvəlki kriteriyalarla yeni qurulan gənc ailələrə yanaşa bilmərik. Lakin onları bu qlobal transformasiyaların axarına buraxıb müdafiəsiz qoymaq da olmaz. Bu prosesdə istinad etdiyimiz əsas güc, bizim ailə dəyərlərimizdir.
Biz komitə olaraq bu prosesləri yalnız statistika ilə deyil, 2020-ci ildən bəri tərəfdaşlarımızla birgə apardığımız müntəzəm sosioloji təhlillər və diaqnostik sorğularla izləyirik.
Bu istiqamətdə işimizin məqsədi gənclərin ailəyə ciddi yanaşması, zərərli meyillərdən uzaq durması və problemləri qarşılıqlı anlaşma ilə həll etməsidir. Bəzən kiçik bir səbəbdən gənc ailələr dağılır və bu, böyük fəsadlar yaradır. Biz yaranmış çətinlikləri aradan qaldırmaq üçün davamlı olaraq qanunverici təşəbbüslərlə çıxış edirik. Ailə Məcəlləsi başda olmaqla, ailənin iqtisadi və sosial həyatını tənzimləyən qanunlara müvafiq dəyişikliklər təklif edirik. Hesab edirəm ki, bu addımlar sosial-iqtisadi problemlərin həllinə ciddi təsir göstərir.
Teleqraf İA: Bahar xanım, siz daha çox gənclərə fokuslandınız, amma 20 il bir yerdə yaşayıb və boşanan ailələr var ki, bu say ildən-ilə artır. Bununla bağlı xüsusi bir proqramınız, layihəniz varmı və yaxud o ailələrlə görüşlər keçirilirmi?
- Əlbəttə. Biz bu kateqoriyadan olan ailələrlə yerlərdəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz, eləcə də bələdiyyələrdə yaratdığımız Ailə və Bərabər İnkişaf Komissiyaları vasitəsilə birbaşa işləyirik. Yerli icra qurumları, QHT-lər və icma fəalları ilə birlikdə uzunmüddətli evli olan, lakin böhran yaşayan ailələrə dəstək layihələri icra edirik.
Maarifləndirmə hər bir yaş dövrü üçün əlçatan olmalıdır. Çünki dəyişən dünya şərtlərinə hər kəs eyni dərəcədə tez adaptasiya ola bilmir və bəzən uzun illərin sınağından keçmiş ailələr də yeni çağırışlar qarşısında çətinlik çəkir. Biz insanlara aşılayırıq ki, qarşıya çıxan sosial-iqtisadi çətinliklər müvəqqətidir və çıxış yolu ailəni dağıtmaq deyil. İstər mənəvi, istərsə də maddi problemləri ailə daxilində birgə həll etmək, ehtiyac yarandıqda isə dövlətin dəstək mexanizmlərindən zamanında faydalanmaq mümkündür.

Teleqraf İA: Erkən evlilik məsələsi həqiqətən cəmiyyətimizdə çox ciddi narahatlıq yaradan məsələdir. Bununla bağlı qanunvericilikdə qərar sərtləşdi, bir yaş güzəşt aradan qaldırıldı, eləcə də qohum evlilikləri qadağan olundu. Bilmək istərdik, keçən dövr ərzində nələr dəyişdi və bu, statistik göstəricilərdə necə əksini tapır?
- Bu sahədə ciddi irəliləyiş müşahidə edirik. Statistika bizi tam qane etməsə də, azalma tendensiyası var. Ailə Məcəlləsində nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi erkən evlilik cəhdlərini xeyli azaldıb və cəmiyyətdə düzgün mövqe formalaşdırıb. Həmçinin 16 yaşına çatmayanların evliliyini təşkil edənlər üçün cinayət məsuliyyətinin, yetkinlik yaşına çatmayanlara nişan və kəbin mərasimləri keçirənlər üçün isə sərt inzibati cəzaların və cərimələrin tətbiqi mühüm çəkindirici funksiya daşıyır.
Keçmiş bir parlamentari kimi inanıram ki, maarifləndirmə və layihələr öz yerində, lakin qanuni çərçivə mütləqdir. Ən böyük maarifləndirmə elə bu çərçivələrin doğru müəyyən olunmasıdır. Cəmiyyətə qəti şəkildə “olmazları” göstərməliyik. Heç bir şəxsi rəyə və ya qanun pozuntusuna göz yumulmamalıdır. Qanun öz sərt sözünü deməlidir. İnsanlar digər qanunlara əməl etdikləri kimi, ailə hüququ normalarına da riayət etməlidirlər. Bu məqsədlə üzərində işlədiyimiz və rəy topladığımız digər qanunverici təşəbbüslərimiz də yaxın vaxtlarda qəbul olunacaq.
Dediklərimi rəsmi statistika da sübut edir. Son 5 ildə erkən evliliklər 5-6 dəfə azalıb. 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə 2011 idisə, 2025-ci ildə 877-yə düşüb. Bu isə təxminən 50%-ə yaxın ciddi bir azalma deməkdir. Eyni zamanda, qohum nikahlarında 2025-ci ildə 31,4%-lik enmə müşahidə olunur.
Göründüyü kimi, cəmi bir neçə il ərzində böyük irəliləyiş qeydə alınıb. Lakin problemin köklü həlli üçün yalnız cəza mexanizmləri ilə kifayətlənməməliyik. Biz həm də innovativ həllər tapmalıyıq. Bu məqsədlə hazırda “Rəqəmsal Transformasiyaya dair Yol Xəritəsi” çərçivəsində ölkə üzrə xüsusi analitik panel yaradırıq. Bu bizə riskləri hələ baş vermədən, erkən mərhələdə müəyyən edərək qabaqlayıcı tədbirlər görməyə imkan verəcək.
ATV: Səhv etmirəmsə, ötən il - 2025-ci ildə ölkədə rekord sayda abort qeydə alınmışdı. Bu sahədə ən təhlükəli məqamlardan biri də doğulan uşaqların cins nisbətində yaranan ciddi disbalansdır. Xüsusilə oğlan uşaqlarına verilən bu üstünlük gələcəkdə cəmiyyətimiz üçün hansı riskləri və demoqrafik təhdidləri yaradır?
- Oğlan uşaqlarına verilən üstünlük gələcəyimizi böyük risk altına alır. Əgər demoqrafik balansda qızların hesabına azalma gedirsə, 15-20 ildən sonra cəmiyyətdə qadınların sayı kəskin şəkildə aşağı düşəcək, bu da birbaşa doğumun azalmasına, demoqrafik böhrana gətirib çıxaracaq.
Rəsmi statistik göstəricilərə görə, 2025-ci ildə bu nisbət hər 100 qıza 113 oğlan təşkil edib. Halbuki norma 100-ün 105-ə, 106-ya olan nisbətidir. Bu, təkcə narahatlıq doğuran deyil, həm də düşündürücü nəticədir. Biz davranışımızı, münasibətimizi dəyişməliyik.
Ailədə qız uşağının doğulmasına fərqli münasibət ailə içində qadına qarşı psixoloji təzyiqdir. O, öz bətnindəki uşağı qız olduğuna görə məhv etməlidir. Dövlət Komitəsi olaraq biz bu məsələnin həlli üçün çox ciddi qanunvericilik təşəbbüsləri üzərində işləyirik.
Səhiyyə Nazirliyi ilə birgə hazırlanmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tezliklə qəbuluna ehtiyac var. Layihədə dölün cinsinin valideynlərə deyilməsinin məhdudlaşdırılması və cinsə görə dölün kənarlaşdırılmasının qadağan edilməsi, həmçinin onu icra edən həkimin lisenziyasının ləğv olunmasından tutmuş cinayət məsuliyyətinə qədər ciddi cəza sisteminə cəlb olunması nəzərdə tutulur.
Biz mövqeyimizdə çox israrlıyıq, qanunun qısa müddətdə qəbulu ilə bağlı səylərimizi artıracağıq. Mətbuatın üzərinə düşən vəzifə isə bu qanunun qəbuluna mane olan stereotiplərin aradan qaldırılmasına yönəlmiş maarifləndirici məzmunun hazırlanmasıdır.
Dünyaya gəlməli olan bir körpəni cinsinə görə həyatdan məhrum etmək olmaz. Bu nə Allahın, nə dövlətin qanunlarına, nə də insanlıq dəyərlərinə uyğun gəlir.
Teleqraf İA: Gələcəyimizin sağlam formalaşması üçün uşaqlar yaxşı ailədə böyüməlidir. Amma təəssüf ki, məişət qurbanlarının əksəriyyəti uşaqlar və qadınlardır. Qurbanların müdafiəsi üçün mövcud mexanizmlər kifayətdirmi?
Digər tərəfdən bir sıra hallarda bu, “ailədaxili məsələ” kimi qəbul olunur və qadınlar susur. Bu düşüncəni dəyişmək üçün nə etməliyik?
- Çox doğru qeyd etdiniz. Normalda ailə hər bir fərd üçün ən güclü sığınacaq və təhlükəsizlik zonası olmalıdır. Lakin bu gün bəzən elə bir mənzərə ilə qarşılaşırıq ki, insanlar məhz ən çox qorunmalı olduqları mühitdə təzyiq və şiddətə məruz qalırlar. Təbii ki, qurbanların mütləq əksəriyyəti qadınlar və uşaqlardır. Bu sahədə mövcud mexanizmlərin gücləndirilməsi üçün 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun müvafiq müddəalarının daha da təkmilləşdirilməsinə ehtiyac var.
Biz əlaqədar tərəfdaşlarla müəyyən qanunverici təşəbbüslər irəli sürmüşük, amma siz özünüz də bilirsiniz ki, qanunun bir hərfinin dəyişməsi o qanunu istifadə edən bütün tərəflərin rəyini aldıqdan sonra mümkün olur.
Cəmiyyətdəki “ailədaxili məsələdir, susmaq lazımdır” stereotipini dəyişmək üçün isə mübarizə aparırıq. Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstəririk. Zorakılığa məruz qalan şəxsləri dərhal sığınacaqlara və müvəqqəti reabilitasiya mərkəzlərinə yönləndiririk.
Lakin burada medianın və cəmiyyətin üzərinə çox həssas bir vəzifə düşür. Zorakılıq hallarının mətbuatda nümayişkaranə şəkildə, qurbanın adını, şəklini, aldığı xəsarətlərin təfərrüatını təsvir edərək işıqlandırmaq qətiyyən yolverilməzdir. Cinayət haqda çox danışdıqca, ona bənzər hadisələrin sayı da artır.
Qurbanın reabilitasiya prosesi, onun sığınacaqdakı həyatı gizli və təhlükəsiz saxlanılmalıdır ki, həmin şəxsin gələcəkdə ailəyə, cəmiyyətə və normal həyata adaptasiyasında yeni problemlər yaranmasın. Bizim məqsədimiz bənzər hadisələr faciəyə çevrilmədən, erkən mərhələdə qabaqlayıcı tədbirlər görməkdir. Bunun üçün cəmiyyət şahid olduğu zorakılıq halları barədə aidiyyəti dövlət qurumlarını və Dövlət Komitəsinin müvafiq kanallarını zamanında məlumatlandırmalıdır.
Teleqraf İA: Sizcə, ölkədə sığınacaqların sayı az deyilmi?
- Hesab edirik ki, baş vermiş hadisələrin miqyasına görə onların sayı artırılmalıdır. Aidiyyəti dövlət qurumlarının planlarında bölgələri əhatə edəcək yeni mərkəzlərin açılması nəzərdə tutulub. Lakin bu proses təkcə dövlətin üzərinə düşməməlidir. Beynəlxalq təcrübədə də qeyri-hökumət təşkilatları, sosial fondlar və ictimai təşəbbüslər bu cür sığınacaqların yaradılmasında və idarə olunmasında fəal iştirak edirlər. Biz də yerli QHT-lərin və icmaların bu prosesə daha çox töhfə verməsini arzulayırıq.
Digər mühüm məsələ isə sığınacaqlarda göstərilən xidmətlərin keyfiyyət standartlarına uyğunluğudur. Dövlət Komitəsi olaraq hazırda bu mərkəzlərin fəaliyyət meyarları üzərində işləyirik. Sığınacaq fəaliyyəti üçün lisenziyası olan qurumlarda monitorinq və auditlərin aparılması vacibdir. Eyni zamanda, qeyd etməliyəm ki, bu sahədə çalışan mütəxəssislərin - sosial işçilərin, psixoloqların və texniki heyətin peşəkarlığını artırmaq üçün davamlı qabaqlayıcı təlimlər keçiririk.
.jpg)
ATV: Bahar xanım, dövlət tərəfindən verilən rəsmi mühafizə orderləri barədə nə deyə bilərsiniz?
-2024-2025-ci illərdə qanunvericiliyə edilən dəyişikliklər bu sahəyə mühüm yeniliklər gətirdi. Ən əsası, mühafizə orderlərinin verilməsində məcburilik müəyyən olundu. Bu prosesdə zaman həlledici rol oynayır. Əvvəllər orderlərin ehtiyacı olan şəxsə təqdim edilmə müddətində problemlər var idi. İrəli sürdüyümüz qanunverici təşəbbüslər sayəsində bu məsələ həllini tapdı. Təkcə 2025-ci ilin statistikasına görə, 433 nəfərə mühafizə orderi verilib ki, bunun da 402-si qadınların, 31-i isə kişilərin payına düşür.
Beynəlxalq təcrübə göstərir ki, yalnız zərərçəkmişi müdafiə etməklə zorakılıq törədəni yolundan döndərmək qeyri-mümkündür. Ona görə də proqramlarımızın ağırlıq mərkəzini qurbanlardan zərərverənlərə tərəf keçirməliyik. Bu şəxslərin psixoloji portretini müəyyən etmək və onları reabilitasiyaya cəlb etmək lazımdır: yaxınlarına niyə şiddət göstərirlər? Bu səbəbləri tapıb preventiv tədbirlər görmək qurbanları qorumaqdan qat-qat effektivdir. Təbii ki, bu proqramlar maliyyə tutumludur və mütləq dövlət büdcəsinə daxil edilməlidir.
Zərərçəkmişlərin hüquqlarının qorunması elə mühafizə orderlərinin dərhal verilməsi ilə başlayır. Qanunvericiliyə görə order 24 saatdan 5 günə qədər müddətdə, vacib hallarda isə vaxt itirmədən dərhal təqdim olunmalıdır. Çünki mühafizə orderinin müddəti bitdikdən sonra qurbanın yenidən eyni evə qayıtması çox vaxt daha ciddi təhlükələrə yol açır və təəssüf ki, ölümə qədər gedib çıxır.
Məhz bu səbəbdən, məişət zorakılığı əməllərinin kriminallaşdırılması üçün Cinayət Məcəlləsinə dəyişiklik təşəbbüsü hazırlamışıq. Hesab edirəm ki, bu addım güclü çəkindirici funksiya daşıyacaq. İnsanlar ailədə şiddət törətməzdən əvvəl bunun birbaşa cinayət məsuliyyəti yaradacağını mütləq dərk etməlidirlər.
Teleqraf İA: Uzun illərdir ki, “Uşaq Qaynar Xətti” fəaliyyət göstərir. Bura daxil olan şikayətlər əsasən nələrlə bağlıdır, uşaqlar nədən narazıdırlar? Onların şikayətinə hansı formada reaksiya bildirilir?
- 116111 nömrəli “Uşaq Qaynar Xətti” çətin vəziyyətdə olan uşaqlara 24 saat xidmət göstərir. 2025-ci ildə xəttə 5520 müraciət daxil olub.
Təhlillər göstərir ki, uşaqlar təkcə hüquq pozuntusu üçün deyil, həm də emosional dəstək üçün bura üz tuturlar.
2025-ci ildə Qaynar xəttə daxil olan zənglərin statistikasına baxsaq görərik ki, müraciətlərin 1605-i psixoloji, 823-ü sosial dəstəklə, 808-i isə zorakılıq halları ilə bağlıdır. Göründüyü kimi, zorakılıq şikayətləri azlıq təşkil edir; uşaqlar bura daha çox psixoloji gərginlik keçirdikləri zaman müraciət edirlər. Bəzən bu zəngləri səhvən "ailədən şikayət" kimi qələmə verirlər, halbuki bu, sadəcə peşəkar kömək axtarışıdır. Çətin anlarda yaxınların doğru olmayan məsləhətindənsə, bir mütəxəssisin peşəkar yanaşması uşağı gərginlikdən daha doğru yolla çıxarır. Ona görə də ailələr problemlər böyüyüb qaynar xətt səviyyəsinə çatmadan, uşaqları ilə birlikdə psixoloji xidmətlərə müraciət etməkdə özləri təşəbbüskar olmalıdırlar.
Digər tərəfdən, uşaqlar təkcə ailədaxili məsələlərdən deyil, həmyaşıdları tərəfindən məktəblərdə məruz qaldıqları bullinq hallarından da şikayət edirlər. Yeniyetmələr arasında yaşanan bu problem bizi ciddi narahat edir. Biz bu istiqamətdə Elm və Təhsil Nazirliyi və məktəb psixoloqları ilə sıx əməkdaşlıq edirik.
Xüsusilə vurğulamaq istəyirəm ki, Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin artıq ölkə üzrə 5000-dən çox məktəbdə nümayəndəsi var. Məktəblilərin öz daxilindən seçilmiş bu fəal uşaqlar həm həmyaşıdlarının problemlərini dərindən bilir, həm də onlara ən yaxın dost kimi yanaşaraq düzgün çıxış yolları təklif edirlər. Uşaqların bu cür şəbəkələşməsi risklərin daxildən və vaxtında həll olunmasına çox böyük şərait yaradır.
ATV: Bahar xanım, Milli Məclisdə "Gender bərabərliyinin təminatları haqqında" qanunun icrası ilə bağlı Dövlət Komitəsinin növbəti məlumatı təqdim olunub. Ümumiyyətlə, qadın hüquqlarının müdafiəsi istiqamətində nailiyyətlər gözəçarpandır. Bəs son illərin sənədlərində hansı məsələlər öz əksini tapıb və gələcək üçün nələr nəzərdə tutulub?
- Qanunun 20-ci maddəsinə əsasən hazırladığımız bu əhatəli sənəd mütəmadi olaraq Milli Məclisə təqdim edilir. 2020-ci ildən bu yana ötən müddətdə hesabatlılıq mexanizmlərini tam təkmilləşdirmişik. Əgər əvvəllər məlumatların toplanması nisbətən pərakəndə idisə, hazırda qanunun müəyyən etdiyi istiqamətlər üzrə sistemli data bazası formalaşdırılıb.
Sənədin hazırlanması üçün respublika üzrə 66 mərkəzi və 77 yerli icra hakimiyyəti orqanının, Naxçıvan Muxtar Respublikasının qurumlarının, eləcə də QHT-lərin və digər müvafiq mənbələrin təqdim etdiyi məlumatlar təhlil olunur. Sonuncu hesabatımız 300 səhifəlik irihəcmli bir sənəddir. Biz bu hesabatı bütün dövlət və media qurumlarına göndəririk. Sənədlə tanış olduqda real vəziyyəti, mövcud problemləri və görülən tədbirləri aydın görmək mümkündür. Ən əsası, biz bu sahəni tam nəzarətdə saxlayırıq və cəmiyyətin bütün təbəqələri prosesə cəlb olunub.
Parlamentdə bu cür illik məlumatların təqdim edilməsi böyük hadisədir. Gender bərabərliyinin vəziyyətinə və mexanizmlərin icra nəticələrinə dair hər il Parlamentə məlumat verən digər ölkələr haqda məlumata rast gəlməmişəm. Bu hesabatlılıq bizə real mənzərəni görməyə, problemləri vaxtında müəyyənləşdirməyə və strateji hədəflərimizi qurmağa imkan verir.
Təqdim edilən sənəd əsasən üç mühüm istiqaməti əhatə edir: gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin icrası və qarşıda duran vəzifələr, cəmiyyətin iqtisadi, siyasi və sosial sahələrində mövcud vəziyyətin təhlili, əldə olunmuş nəticələr əsasında gələcəyə yönəlmiş perspektivlər və konkret qanunverici təşəbbüslər.
Hesabatda irəli sürdüyümüz tövsiyələrin bir çoxu artıq qanunverici təşəbbüs kimi formalaşdırılmış, bir qismi isə qəbul olunaraq hüquqi qüvvəyə minmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan hökuməti adından BMT-nin müvafiq komitələrinə də mütəmadi dövri hesabatlar təqdim edir. Beynəlxalq qurumların tövsiyələrinin icra vəziyyəti də bu sənəddə əks olunur. Hesab edirəm ki, bu prosesin davamlılığı mövcud məsələləri daha operativ həll etməyimizə şərait yaradacaqdır.
Teleqraf İA: Kiçik və orta sahibkarlıqda balans nisbəti kişilərin tərəfindədir. Bunun da obyektiv və subyektiv tərəfləri var, amma bu sahədə qadınların rolunu artırmaq üçün hansı mexanizmlərin tətbiq olunmasını şərt hesab edirsiniz?
- Qeyd etdiyiniz vəziyyətin rəqəmlərdə ifadəsinə gəlsək, bu sahədə kişilər 54%, qadınlar 31%, birgə mülkiyyət sahibləri isə 15% təşkil edir. Bunun əsas səbəbi biznesə başlamaq üçün ilkin kapitalın və mülkiyyət qeydiyyatının əksər hallarda ailə başçısı kimi kişilərin adına olmasıdır. Bəzən qadınların idarə etdiyi bizneslərdə belə, mülkiyyət hüququ kişinin adına olduğu üçün bu amil statistikaya təsir göstərir. Reallıq budur ki, qadınlar mülkiyyət sahibliyi və iqtisadi imkanlar baxımından kişilərlə müqayisədə hələ də geridə qalırlar.
Lakin son illərdə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA və qadın sahibkarlıq assosiasiyalarının birgə fəaliyyəti sayəsində müsbət artım tendensiyası mövcuddur. Hazırda ölkədə sahibkarların 24%-i qadınlardır. Bu artım aqrar sahədə də hiss olunur. “Elektron kənd təsərrüfatı” sistemində 191 mindən çox qadın fermer qeydiyyatdan keçib və təkcə 2025-ci il ərzində onlardan 89 600-ü dövlətdən subsidiya alaraq öz təsərrüfatını genişləndirib.
Dövlət Komitəsi olaraq bizim işimiz biznes təşkil etmək deyil; əsas vəzifəmiz qadınları iqtisadi proseslərə təşviq etmək, maarifləndirmək və yönəltməkdir. Biz aidiyyəti qurumlarla birgə qadınlar üçün biznes planların hazırlanması və sahibkarlıq təlimlərinin təşkili istiqamətində layihələr icra edirik. Məqsədimiz qadınların müvafiq iqtisadi dəstək mexanizmlərindən daha səmərəli faydalanmasını təmin etməkdir və hesab edirəm ki, bu fəaliyyətin öhdəsindən uğurla gəlirik.
.jpg)
ATV: Bələdiyyələrdə qadınların təmsilçilik faizinin artması əslində müsbət bir dəyişiklikdir. Bəs bələdiyyə sistemində qadınların sayının artması hansı pozitiv dəyişikliklərə gətirib çıxarıb?
- Azərbaycanda qadınlar seçki prosesində, səsvermədə və maarifləndirmə tədbirlərində çox fəal iştirak edirlər. Onların ictimai-siyasi idarəetmədə öz imkanlarına uyğun təmsil olunmaq hüququ tamdır. Lakin qadınların idarəetmədə payının artması üçün ilk növbədə namizədliklərini irəli sürməyə cəsarətləri və istəkləri olmalıdır. Dövlət Komitəsi olaraq biz Mərkəzi Seçki Komissiyası və "Bərabər İnkişaf Naminə" QHT Koalisiyası ilə birgə qadınların seçkilərdə fəal iştirakını təşviq edən layihələr icra etdik və bu, çox yaxşı effekt verdi.
Keçirilən son seçkilərin nəticələri bizi çox sevindirir. Ədliyyə Nazirliyinin məlumatına əsasən, hazırda fəaliyyət göstərən bələdiyyələrin ümumilikdə 8066 üzvü var və onların 39 faizini qadınlar təşkil edir.
Bələdiyyələrdə gedən optimallaşdırma və birləşmə prosesi fonunda mövcud kadr potensialını, xüsusən də qadınların təmsilçilik payını qoruyub saxlamaq bizim üçün əsas hədəflərdən biridir.
Bu prosesdə medianın və sosial şəbəkələrin rolu böyükdür. Bəzən qadınların rəqabətə dözümsüz və ya zəif kimi təqdim edilməsi hallarına rast gəlirik ki, bu da yolverilməzdir. Qadın faktoru üzərindən mənfi stereotiplər yaratmaq cəhdləri onların ictimai fəallığına mane olur. Biz mətbuatla birgə cəmiyyətə daha çox müsbət və uğurlu qadın örnəklərini təqdim etməliyik. Çünki pozitiv nümunələr qadınları daha qətiyyətli addımlar atmağa ruhlandırır.
Teleqraf İA: 2026-2028-ci illərdə Milli Fəaliyyət Planı çərçivəsində region qadınlarının iqtisadi asılılığını azaltmaq üçün hansı dotasiyalar və ya maliyyə inklüzivliyi nəzərdə tutulur?
- Bildiyiniz kimi, Prezident İlham Əliyev ölkədə Gender bərabərliyi üzrə 2026–2028-ci illəri əhatə edən Milli Fəaliyyət Planını təsdiqlədi. Müsahibə boyu vurğuladığım iqtisadi, sosial, siyasi və qanunvericilik sahəsindəki aktual problemlərin əsas həll yolları məhz bu sənəddə öz əksini tapıb. Bu, genişmiqyaslı bir dövlət proqramıdır və icrasına bütün aidiyyəti dövlət qurumları cəlb olunub. Komitə olaraq layihəni biz hazırlasaq da, hər bir qurum öz səlahiyyətləri çərçivəsində konkret vəzifələr daşıyır. Biz tam əlaqələndirilmiş və koordinasiyalı fəaliyyət ortaya qoyuruq.
Bu Fəaliyyət Planının əsas ağırlıq mərkəzi qadınların məşğulluğunun hərtərəfli dəstəklənməsinə yönəlib. Sənəddə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qadınların kiçik biznes üçün maliyyə resurslarına çıxışının asanlaşdırılması, həmçinin işsiz və işaxtaran qadınların hüquqlarının qorunması istiqamətində çox konkret hədəflər müəyyən edilib. İnanıram ki, bu proqramın uğurlu icrası bizi hədəflərimizə doğru xeyli irəliyə aparacaq və qeyd etdiyimiz bütün sahələrdə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq.
ATV: Bahar xanım, komitə tərəfindən qadınların, qızların təhsili, cəmiyyətdə irəli çəkilməsi ilə bağlı hansı istiqamətdə işlər görülür və bizi nə kimi yeni layihələr gözləyir?
- İstənilən şəxsin, xüsusilə qadınların cəmiyyətdə öz yerini tutması və uğur qazanması üçün təhsil mütləqdir. Cəmiyyət üçün faydalı olmağın konkret müəyyən olunmuş dərəcələri yoxdur, lakin hər bir sahədə ilk növbədə peşəkarlıq tələb olunur. Bunun əsasında isə ilk növbədə təhsil, səriştə və bacarıq lazımdır. Təəssüf ki, bəzi regionlarda qızların təhsilinə az maliyyə qoyulması və bu sərmayənin gələcəkdə faydasız olacağına dair köhnə stereotiplər hələ də qalmaqdadır. Bu, cinsi ayrı-seçkiliyin xoşagəlməz nümunəsidir. Fürsətdən istifadə edib valideynlərə müraciət edirəm: qızlarınızı mütləq təhsilə və peşəyə yönəldin. Onlar gələcəkdə hər hansı sahədə çalışmasalar belə, savadlı bir ana, bilikli bir ailə başçısı olacaqlar ki, bunun da cəmiyyətə töhfəsi əvəzsizdir.
Biz bu sahədə Hacı Zeynalabdin Tağıyevdən gələn tarixi ənənəyə sadiqik. Elm və Təhsil Nazirliyi ilə birgə icra etdiyimiz "Qızların təhsilinə dəstək" layihəsi artıq böyük populyarlıq qazanıb və miqyası genişlənir. Təkcə komitənin təqdimatı ilə 300 nəfər bu layihədən yararlanıb. Tərəfdaşlarımızın dəstəyi ilə "Zərif mühəndislər", "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı" və "Arzumuz var" kimi layihələr uğurla fəaliyyət göstərir.
Digər mühüm addımımız Azərbaycan Banklar Assosiasiyası ilə birgə reallaşdırdığımız şəhid xanımlarının təhsilinə dəstək layihəsidir. Ailə başçısını erkən yaşda itirmiş gənc xanımların öhdəliklərini nəzərə alaraq, onları təhsil almağa təşviq etdik və hazırda 34 şəhid xanımı bu proqramdan faydalanır. İlk "Məzun Günü" layihəmizi ötən il keçirdik, bu il isə 100-ə yaxın məzunumuz olacaq ki, onların arasında şəhid ailələrinin üzvləri də var. Bu layihələr həm də müasir dövrümüzün mesenatı Mehriban xanım Əliyevanın qızların təhsilinə göstərdiyi qlobal dəstəyin fəal örnəyidir.
Təqaüdçülərimiz iqtisadi dəstəklə yanaşı, dil kurslarına və beynəlxalq proqramlara da cəlb olunurlar. Bu günlərdə Lənkərandan olan təqaüdçü qızlarımızın Slovakiyaya səfər etməsi, Slovakiya parlamentində iştirakları zamanı onun sədri tərəfindən rəsmi təqdimatı və alqışlanmaları bizim üçün böyük qürurdur.
Teleqraf İA: Prezident İlham Əliyev çıxışları zamanı ailə institutunun milli-mənəvi dəyərlərin qorunmasında rolunu və Türk dünyasında ortaq dəyərlərin təşviqini xüsusi vurğulayır. Bu baxımdan Dövlət Komitəsi Türk Dövlətləri Təşkilatı ilə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQEM) çərçivəsində hansı təşəbbüslərlə çıxış edir və bu əməkdaşlığın ölkəmiz üçün nəticələri nələrdir?
- Bu uğurlar bizim qürur duyduğumuz istiqamətlərdir. Cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bir çox qlobal platformalarda beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı və AQEM çərçivəsindəki fəaliyyətimiz diqqətəlayiqdir.
Ötən il TDT-yə üzv ölkələrin sosial və ailə məsələlərinə məsul nazirlərinin ikinci toplantısını Azərbaycanda yüksək səviyyədə təşkil etdik. Müasir cəmiyyətdə qadınların rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlərin qorunmasına həsr olunmuş bu forum kifayət qədər məhsuldar keçdi. Hazırda biz Türkiyə ilə birlikdə bu format daxilində qadınlardan ibarət daimi işçi qrupunun yaradılması təşəbbüsünü uğurla irəliyə aparırıq. Bu platforma təcrübə mübadiləsinə və qadınların inkişafına böyük dəstək olacaq.
Digər strateji istiqamət isə AQEM çərçivəsindəki fəaliyyətimizdir. Hazırda bu təşkilata sədrliyi Azərbaycan həyata keçirir. Sədrliyi təhvil aldıqdan dərhal sonra bizim təşəbbüsümüzlə qurumun nəzdində ilk dəfə olaraq Qadınlar Şurası təsis edildi və ilk iclası Bakıda keçirildi. Hazırda Qadınlar Şurasının fəaliyyət planı üzərində intensiv iş gedir. Rəqəmsal imkanlardan istifadə edərək keçirəcəyimiz növbəti görüşlərdə bu sənədi tam rəsmiləşdirəcəyik ki, oktyabr ayında Bakıda keçiriləcək Liderlər Sammiti ərəfəsində hədəflərimiz tam ortada olsun.
Təşəbbüslərimiz təşkilatın işinə ciddi bir dinamika qazandırıb və üzv ölkələr tərəfindən də böyük maraq və dəstəklə qarşılanır. Bu platformalar Azərbaycan qadınlarının əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda örnək kimi təqdim olunması və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
.jpg)
ATV: Uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qarşıdakı dövr ərzində hansı addımların atılması nəzərdə tutulur? Ümumiyyətlə, uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illəri əhatə edən ikinci Fəaliyyət Planı ilə bağlı vəziyyət necədir? Nə zaman təqdim olunacaq və fəaliyyət planında hansı yeniliklər nəzərdə tutulub?
- Hazırda yeni Fəaliyyət Planı üzrə dövlət qurumlarının rəy və təklifləri toplanılır. Bu prosesi qısa müddətdə yekunlaşdırıb, sənədi ilin ikinci yarısında aidiyyəti üzrə təqdim etmək niyyətindəyik. Əvvəlki plan üzrə qarşıda duran bütün vəzifələr tam icra olunub və hər bir parametr üzrə xeyli irəliləyiş əldə edilib.
Xususilə qeyd etmək istədiyim məqam odur ki, bu sənəddə kibertəhlükəsizlik, uşaqların rəqəmsal savadlılığının və süni intellekt bacarıqlarının artırılması kimi prioritetlər üstünlük təşkil edir.
Bu hədəflər isə bizdən ciddi səylər tələb edir. Strategiya çərçivəsində effektiv icra mexanizmlərinin və yeni rəqəmsal alətlərin yaradılması istiqamətində qanunverici təşəbbüslər hazırlayırıq. Uşaq hüquqları haqqında yeni qanunun qəbulu və digər qanunverici aktların, strategiyaların icrası yeni yanaşmalar tələb edir. Bu istiqamətdə kifayət qədər təkliflərimiz var, lakin onlar aidiyyəti qurumlarla tam razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Teleqraf İA: 16 yaşadək uşaqların sosial şəbəkələrdə fərdi hesab açmasına məhdudiyyət tətbiq olunarsa, bunun icrasına necə nəzarət ediləcək?
- Bu dəyişikliklərin müsbət təsirləri mütləq olacaq. Çünki bu gün uşaqlarımız kiberzorakılıq, zərərli məzmun və şəxsi məlumatların oğurlanması kimi ciddi kiberhəmlələrlə üz-üzədirlər. Dövlət Komitəsinin yaxından iştirakı ilə hazırlanan yeni qanun layihəsi bu sahədə hüquqi nizam yaradır. Yeni qaydalara əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır; 16–18 yaş arası yeniyetmələrin fəaliyyəti isə birbaşa valideyn nəzarətinə və razılığına bağlanır.
Bu tənzimləmə təkcə valideynlərin deyil, həm də internet provayderlərinin və qlobal platforma sahiblərinin üzərinə böyük öhdəliklər qoyur. Yeni mexanizmə görə, Azərbaycanda fəaliyyət göstərən rəqəmsal platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli və illik hesabat təqdim etməlidirlər. Platformada qanunazidd hallara yol verilərsə, onların aradan qaldırılması məsuliyyəti birbaşa şirkətin üzərinə düşür. Bu tələbləri yerinə yetirməyən platformaları böyük məbləğdə cərimələr, hətta fəaliyyətin tamamilə dayandırılması gözləyir.
Bu istiqamətdə artıq qəti addımlar atırıq. Dünyanın ən böyük uşaq oyun platformalarından olan "Roblox" şirkətinin rəhbərliyi ilə onlayn görüş keçirdik, uşaqların naməlum şəxslərlə ünsiyyətə cəlb olunması, bullinq, kibertəhlükələrlə bağlı narahatlığımızı dilə gətirdik və bildirdik ki, təhlükə davam edərsə, platformanın bloklanması təşəbbüsü ilə çıxış edəcəyik.
Eyni zamanda “TikTok” şəbəkəsində də uşaqların istismarı və onların ləyaqətini alçaldan məzmunlarla bağlı narahatlıqlarımızı aidiyyatı üzrə çatdırmışıq.
Bizim məqsədimiz uşaqları internetdən təcrid etmək və ya qadağalar qoymaq deyil. Əsas hədəfimiz uşaqların rəqəmsal savadlılığını və özünüqoruma bacarıqlarını artırmaq, eyni zamanda qaydaları pozan tərəflərin məsuliyyətini müəyyən edərək təhlükəsiz virtual mühit formalaşdırmaqdır.
Teleqraf İA: Həmin qanun layihəsindəki 16–18 yaşlı gənclərə qoyulacaq məhdudiyyət ən çox müzakirə olunan mövzulardandır. Çünki bu yaş qrupunda olan gənclər artıq sosial şəbəkələr vasitəsilə müəyyən bizneslər və platformalar qura bilirlər. Bu baxımdan hər hansı bir güzəşt və ya istisnalar nəzərdə tutula bilərmi?
- Təbii ki, bu cür yeniliklər müəyyən müzakirələrə və fərqli rəylərə səbəb ola bilər. Hazırda bu qanun layihəsinin geniş ictimai müzakirələri gedir. Sənəd artıq parlamentdə, mediada və qeyri-hökumət təşkilatlarında nəzərdən keçirilib. Komitə olaraq biz də bütün tərəflərin rəylərini öyrənmək üçün xüsusi ictimai müzakirə keçirməyi planlaşdırırıq.
Bunlar hələlik təkliflərdir və yalnız təsdiqləndikdən sonra hüquqi qüvvə qazanacaq. Parlament və qanunvericilər gələn bütün rasional rəyləri optimal şəkildə nəzərə almalıdırlar. Bizim məqsədimiz rəqəmsal mühitə tam məhdudiyyət qoymaq və ya gənclərin fəaliyyətini qadağan etmək deyil. Əsas hədəfimiz rəqəmsal imkanlardan elə istifadə mexanizmi qurmaqdır ki, gənclərin biznes fəaliyyəti qorunmaqla yanaşı, onlara dəyə biləcək kiberzərərlər minimuma ensin.
ATV: Bahar xanım, son sualdan öncə sizə vaxt ayırıb suallarımızı ətraflı cavablandırdığınız üçün dərin təşəkkürümüzü bildiririk. Son sualımıza gəlincə, bu gün dünyada sürətlə davam edən rəqəmsallaşma prosesi fonunda Dövlət Komitəsinin bu sahədəki nailiyyətləri və gələcək planları nədən ibarətdir?
- Mən də sizə maraqlı müzakirə üçün təşəkkür edirəm.
Rəqəmsal informasiya artıq həyatımızın bütün sahələrinə təsir göstərir və Dövlət Komitəsi də özünü bu prosesdən kənarda tuta bilməz. Son illərdə bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirmişik. Ən mühüm rəqəmsal layihələrimizdən biri “Uşaq Məlumat Bankı”dır. Bu sistem müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirməklə, uşaqların hüquqlarının müdafiəsi sahəsində daha çevik koordinasiyaya imkan yaradır.
Hazırda dövlət başçısının son fərman və sərəncamlarına uyğun olaraq dövlət orqanları üçün hazırlanmaqda olan Rəqəmsal Transformasiya üzrə Yol Xəritəsi çərçivəsində müvafiq tədbirlərin üzərində çalışırıq.
Rəqəmsal yeniliklərlə yanaşı, ənənəvi maarifləndirmə və təlim layihələrimiz də davam edir. Qadın, uşaq və ailələrlə işləyən mütəxəssislərin, eləcə də sosial işçilərin rəqəmsal mühitin imkanları və riskləri barədə peşəkarlığını mütəmadi artırırıq. İnnovativ layihələrimizdən olan və gənclər arasında böyük rəğbət qazanan "İti Zəka" yarışı çərçivəsində yüzlərlə yeniyetməni startap və elektron tətbiqlərin hazırlanması prosesinə cəlb etmişik.
Eyni zamanda, uşaqların hüquqi savadlılığını artırmaq və onları bu sferaya cəlb etmək üçün xüsusi hakatonlar keçiririk. Bir sözlə, bütün fəaliyyət istiqamətlərimizi müasir rəqəmsal mühitə uyğunlaşdırırıq. Texnologiyalar və alətlər dəyişsə də, bizim əsas missiyamız dəyişməz qalır: insan hüquqlarının, ailə institutunun, qadın və uşaq mənafelərinin qorunması. Biz sadəcə bu ali vəzifəni indi daha müasir, rəqəmsal və çevik vasitələrlə reallaşdırırıq.
Nərmin Muradova
Elnur Muxtar