BAKI, 17 iyun. TELEQRAF
Səhiyyə Nazirliyi ilə birgə hazırlanmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tezliklə qəbuluna ehtiyac var.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.
O bildirib ki, layihədə dölün cinsinin valideynlərə deyilməsinin məhdudlaşdırılması və cinsə görə dölün kənarlaşdırılmasının qadağan edilməsi, həmçinin onu icra edən həkimin lisenziyasının ləğv olunmasından tutmuş cinayət məsuliyyətinə qədər ciddi cəza sisteminə cəlb olunması nəzərdə tutulur.
"Biz mövqeyimizdə çox israrlıyıq, qanunun qısa müddətdə qəbulu ilə bağlı səylərimizi artıracağıq. Mətbuatın üzərinə düşən vəzifə isə bu qanunun qəbuluna mane olan stereotiplərin aradan qaldırılmasına yönəlmiş maarifləndirici məzmunun hazırlanmasıdır.
Dünyaya gəlməli olan bir körpəni cinsinə görə həyatdan məhrum etmək olmaz. Bu nə Allahın, nə dövlətin qanunlarına, nə də insanlıq dəyərlərinə uyğun gəlir", - komitə sədri qeyd edib.