BAKI, 17 iyun. TELEQRAF

"2024-2025-ci illərdə qanunvericiliyə edilən dəyişikliyə görə mühafizə orderlərinin verilməsində məcburilik müəyyən olunub. Bu prosesdə zaman həlledici rol oynayır. Əvvəllər orderlərin ehtiyacı olan şəxsə təqdim edilmə müddətində problemlər var idi. İrəli sürdüyümüz qanunverici təşəbbüslər sayəsində bu məsələ həllini tapdı. Təkcə 2025-ci ilin statistikasına görə, 433 nəfərə mühafizə orderi verilib ki, bunun da 402-si qadınların, 31-i isə kişilərin payına düşür".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.

O qeyd edib ki, yalnız zərərçəkmişi müdafiə etməklə zorakılıq törədəni yolundan döndərmək qeyri-mümkündür.

"Ona görə də proqramlarımızın ağırlıq mərkəzini qurbanlardan zərərverənlərə tərəf keçirməliyik. Bu şəxslərin psixoloji portretini müəyyən etmək və onları reabilitasiyaya cəlb etmək lazımdır: yaxınlarına niyə şiddət göstərirlər? Bu səbəbləri tapıb preventiv tədbirlər görmək qurbanları qorumaqdan qat-qat effektivdir. Təbii ki, bu proqramlar maliyyə tutumludur və mütləq dövlət büdcəsinə daxil edilməlidir.

Zərərçəkmişlərin hüquqlarının qorunması elə mühafizə orderlərinin dərhal verilməsi ilə başlayır. Qanunvericiliyə görə order 24 saatdan 5 günə qədər müddətdə, vacib hallarda isə vaxt itirmədən dərhal təqdim olunmalıdır. Çünki mühafizə orderinin müddəti bitdikdən sonra qurbanın yenidən eyni evə qayıtması çox vaxt daha ciddi təhlükələrə yol açır və təəssüf ki, ölümə qədər gedib çıxır.

Məhz bu səbəbdən, məişət zorakılığı əməllərinin kriminallaşdırılması üçün Cinayət Məcəlləsinə dəyişiklik təşəbbüsü hazırlamışıq. Hesab edirəm ki, bu addım güclü çəkindirici funksiya daşıyacaq. İnsanlar ailədə şiddət törətməzdən əvvəl bunun birbaşa cinayət məsuliyyəti yaradacağını mütləq dərk etməlidirlər", - komitə sədri bildirib.