BAKI, 16 iyun. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğuna dair şübhələrini Prezident Donald Trampa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Retkliff Tramp və digər yüksəkvəzifəli rəsmilərlə keçirdiyi görüşdə ABŞ kəşfiyyat orqanlarının əldə etdiyi məlumatların İranın nüvə sahəsində Vaşinqtonun tələb etdiyi güzəştlərə getmək niyyətinə ciddi şübhələr yaratdığını bildirib.
Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatları İran rəsmilərinin razılaşmanı öz aralarında müzakirə edərkən səsləndirdikləri mövqelərlə vasitəçilərə və ABŞ nümayəndələrinə verdikləri mesajlar arasında uyğunsuzluq olduğunu göstərir.
“Toplanan məlumatlar İranın həqiqi niyyətlərinin razılaşma çərçivəsində götürdüyü öhdəliklərlə üst-üstə düşmədiyini göstərir”, - deyə mənbələrdən biri bildirib.
"Axios"un yazdığına görə, Retkliff Tramp administrasiyasında bu məsələyə skeptik yanaşan yeganə şəxs deyil. ABŞ dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth də daxili müzakirələr zamanı razılaşma ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bununla yanaşı, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner razılaşmanın tərəfdarları sırasında göstərilir.
Portalın məlumatına görə, Vaşinqton yaxın iki-üç həftə ərzində İranın əldə olunan razılaşmaları yerinə yetirmək niyyətində olub-olmaması ilə bağlı yekun qənaət formalaşdırmağı planlaşdırır.
Qeyd edək ki, ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində imzalanması nəzərdə tutulur.