BAKI, 16 iyun. TELEQRAF

ABŞ rəsmiləri Vaşinqton və Tehran arasında əldə olunmuş çərçivə razılaşmasının İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı hər hansı müddəa ehtiva etmədiyini bildiriblər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün keçirilən telefon brifinqində qeyd edib ki, İsrail hərbçilərinin Livanı tərk etməsi razılaşmanın şərtlərindən biri olmayıb.

“Onların çıxarılması sövdələşmənin şərti deyildi”, - deyə amerikalı rəsmi vurğulayıb.

Onun sözlərinə görə, əldə olunan razılaşma atəşkəsin təmin edilməsinə yönəlib və bu, birtərəfli xarakter daşımayacaq.

ABŞ nümayəndəsi bildirib ki, əgər İran Livandakı "Hizbullah" hərəkatının fəaliyyətinə nəzarət edə bilməsə və təşkilat İsrail şəhərlərinə hücumlar həyata keçirsə, İsrailin özünü müdafiə etmək və cavab tədbirləri görmək hüququ olacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində imzalanması planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər İranın nüvə proqramı da daxil olmaqla müxtəlif məsələləri müzakirə edəcəklər.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, ABŞ-İran razılaşmasının icrası, o cümlədən Livana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı məsuliyyət tam şəkildə Vaşinqtonun üzərinə düşür.