BAKI, 16 iyun. TELEQRAF
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların yalnız Tehranın qarşılıqlı addımları müqabilində qismən yumşaldıla biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton və Tehran hazırda qarşılıqlı etimadın formalaşdırılması prosesinin ilkin mərhələsindədir.
Onun sözlərinə görə, ABŞ İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə dondurulmuş vəsaitlərin bir hissəsinin açılmasına və bəzi sanksiyaların yumşaldılmasına hazırdır.
“Onlar müəyyən kiçik addımlar atacaqları halda, biz də ilkin mərhələdə müəyyən məhdud addımlar atacağıq. Bu, onların öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını göstərməlidir”, - deyə ABŞ rəsmisi bildirib.
Digər ABŞ administrasiyası nümayəndəsi isə vurğulayıb ki, indiyədək nə ABŞ, nə də digər ölkələr İranın hər hansı aktivlərini dondurulmuş vəziyyətdən çıxarıb. O, həmçinin Körfəz ölkələrinin Vaşinqtonla razılaşdırılmamış şəkildə İranla ayrıca razılaşmaya getməyəcəyinə əmin olduğunu bildirib.
Rəsminin sözlərinə görə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrinin ABŞ-dan kənar şəkildə İranla ayrıca saziş bağlayacağını düşünmək əsassızdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər.