BAKI, 9 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında yaxın iki həftə ərzində razılaşmanın əldə oluna biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qremin dəstəklənməsi məqsədilə keçirilən telekonfransda çıxış edən Tramp İranın razılaşma əldə etməkdə maraqlı olduğunu deyib.
“Hazırda danışıqlar aparırıq və onlar çox yaxşı saziş bağlamaq istəyirlər. Onlar bizə lazım olan hər şeyi verməyə hazırdırlar. Nüvə silahından imtina etməyə də hazırdırlar”, - ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, Vaşinqton danışıqlarda üstün mövqedədir və yaxın iki həftə ərzində nəticə əldə olunacağına inanır.
“Mən düşünürəm ki, biz qalib gəlirik. Ancaq bu qələbə növbəti iki həftə ərzində təmin olunmalıdır. Bu, tam qələbə olacaq, çox yaxın zamanda baş verəcək və bundan dərhal sonra neftin qiyməti aşağı düşəcək”, - o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp son vaxtlar bir neçə dəfə ABŞ və İranın münaqişənin nizamlanmasına dair razılaşma əldə etməyə yaxın olduqlarını bəyan edib.