BAKI, 26 iyul. TELEQRAF
Berlin polisi paytaxtın Tierqarten parkı yaxınlığında avtomobillə insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Berlin polisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 18:00 radələrində şübhəli şəxs Şpandau rayonundakı bağ sahələri ərazisində aşkarlanıb.
İlkin məlumata görə, o, əlində soyuq silahla polis əməkdaşlarına tərəf qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlı polis qüvvələri odlu silahdan istifadə ediblər.
Hadisə yerində dərhal reanimasiya tədbirləri görülsə də, şübhəli şəxs aldığı xəsarətlərdən ölüb.
Polis qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdiriləcək və istintaqın gedişi barədə Almaniyanın Baş Prokurorluğuna məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl bir sıra Almaniya KİV-ləri də avtomobillə izdihama hücumda şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı öldürüldüyünü xəbər vermişdi.