BAKI, 27 iyul. TELEQRAF
Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində öldürülüb.
Teleqraf xəbər verir ki, "Cumhuriyet" qəzetinin məlumatına görə, hadisə zamanı Mehmet Direkin oğlu Erkan Direk və qardaşı oğlu Əbu Bəkr Direk də həyatını itirib.
Batman üzrə AK Partinin sədri Hüseyn Şansi "X" sosial şəbəkəsində paylaşdığı məlumatda hadisəni təsdiqləyib.
Məlumata görə, insident vilayətin Güneykənd rayonunda yerləşən şəhər qəbiristanlığında baş verib. Naməlum silahlı şəxs və ya şəxslər Mehmet Direk, Erkan Direk və Əbu Bəkr Direkə atəş açıblar. Nəticədə hər üç nəfər hadisə yerində ölüb.
Polis ərazini mühasirəyə alıb və hücumun törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyata başlayıb.