BAKI, 26 iyul. TELEQRAF
Sülh Şurasının Qəzza üzrə yüksək nümayəndəsi Nikolay Mladenov bildirib ki, Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsi bölgədə sabitliyin bərpası planının əsas hissəsidir və HƏMAS silahlı dəstələrinin tərksilahına töhfə verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Nikolay Mladenov İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağında beynəlxalq kontingentin yerləşdirilməsinə imkan verən qərarını şərh edərkən "Al Hadath" telekanalına açıqlamasında deyib.
Mladenovun sözlərinə görə, Sülh Şurasının nəzarəti altında fəaliyyət göstərəcək beynəlxalq qüvvələrin Qəzzada yerləşdirilməsi bölgədə sabitliyin təmin olunması proqramının ən vacib elementlərindən biridir.
O bildirib ki, beynəlxalq kontingentin yerləşdirilməsi HƏMAS-ın silahlı dəstələrinin tərksilahına şərait yaradacaq.
Mladenov əlavə edib ki, Sülh Şurasının beynəlxalq qüvvələri HƏMAS silahlı birləşmələri tam tərksilah edilənədək "sarı xətt" adlandırılan əraziyə nəzarət etməkdə qərarlıdır. Onun sözlərinə görə, "sarı xətt"dən kənarda yerləşən ərazilərdə beynəlxalq kontingent İsrail ordusu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Qeyd edək ki, bundan əvvəl İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağında beynəlxalq kontingentin yerləşdirilməsini təsdiqlədiyi barədə məlumat yayılmışdı.