BAKI, 27 iyul. TELEQRAF
ABŞ hərbçiləri hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının azalması fonunda İranın raket və pilotsuz uçuş aparatlarının qarşısının alınmasına seçici yanaşmağa başlayıblar.
Teleqraf xəbər verir ki, "NBC News" telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, bəzi hallarda Amerika hərbçiləri İran tərəfindən buraxılan raket və dronların ABŞ qüvvələrinin yerləşdiyi ərazilərə, mühüm obyektlərə və ya Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə yaratmadığını müəyyən etdikdə, onların vurulmasına dair göstəriş verməyiblər.
Məlumata görə, bəzi hallarda ABŞ hərbçilərinin ehtimal olunan zərbə nöqtəsində olmadığı ərazilərdə hava hücumundan müdafiə sistemlərinin ekipajları müdaxilə etməyib.
Telekanalın mənbələri bildiriblər ki, bu yanaşmanın ABŞ hərbçiləri və ya mülki şəxslər arasında itkilərə səbəb olub-olmadığı dəqiq məlum deyil. Bununla belə, onlar belə taktikanın riskli olduğunu etiraf ediblər.
Bundan əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp "Patriot" sistemləri üçün raket-interseptorların və Yaxın Şərqdəki digər hava hücumundan müdafiə vasitələrinin sursat ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb.
ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iyulun 24-də keçirilən müşavirədə genişmiqyaslı əməliyyatların bərpası halında raket-interseptor ehtiyatlarının təhlükəli səviyyəyə düşə biləcəyi barədə xəbərdarlıq edib.
Donald Tramp isə iyulun 26-da "The Wall Street Journal" nəşrinə açıqlamasında bu məlumatları təkzib edərək ABŞ ordusunun ehtiyacdan "qat-qat çox" sursata malik olduğunu bildirib.