BAKI, 27 iyul. TELEQRAF

“Ukrayna Prezidenti Volodimir Zelenskinin davranışı Birinci Dünya müharibəsi ərəfəsindəki anarxistlərin nümayişkaranə hərəkətlərini xatırladır, bunun nəticələri bütün Avropaya təsir etmişdi”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat Ukraynanın Xəzər dənizində İran gəmisini vurması ilə bağlı bildirib:

“Ukraynanın addımlarının nəticələri həm ölkənin özü, həm də bütün region üçün gözlənilməz olacaq. Ukraynanın təhlükəli avantürasına mütləq cavab veriləcək”.

Xatırladaq ki, Ukrayna bundan əvvəl Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.