BAKI, 27 iyul. TELEQRAF
Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə qəbul prosesinə hazırlaşan abituriyentlər və valideynləri üçün Açıq Qapı Günləri təşkil edir.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 27 iyul – 7 avqust tarixlərini əhatə edəcək Açıq Qapı Günləri bazar günləri istisna olmaqla hər gün saat 14:00-dan 17:00-dək keçiriləcək.
"Açıq Qapı Günləri çərçivəsində iştirakçılar universitetin tədris korpusları, laboratoriyaları, tələbə şəhərciyi və digər infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, akademik heyətlə görüşərək tədris proqramları, ixtisas seçimi, tələbə həyatı və qəbul prosesi ilə bağlı ətraflı məlumat ala, onları maraqlandıran suallara cavab tapa biləcəklər.
Ziyarətlərin səmərəli təşkili məqsədilə tədbirdə iştirak etmək istəyən şəxslərin əvvəlcədən qeydiyyatdan keçməsi tövsiyə olunur. Qeydiyyat https://tinyurl.com/hbdwt4y4 linki vasitəsilə və ya müvafiq QR kodunu skan etməklə həyata keçirilir", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Açıq Qapı Günlərinin məqsədi abituriyentlərin Qarabağ Universitetinin təhsil imkanları, akademik mühiti və kampus həyatı ilə yaxından tanış olmasına şərait yaratmaqdır.