BAKI, 27 iyul. TELEQRAF
Avropa İttifaqının Belarusa və Rusiyaya tətbiq etdiyi sanksiyalar ən çox elə avropalıların özünə baha başa gəlir və onları dünyadan təcrid edir.
Teleqraf xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov jurnalistlərə açıqlamasında deyib.
M.Rıjenkovun sözlərinə görə, Avropa hər dəfə yeni qadağa qoyanda bundan ən çox əziyyət çəkən sadə Avropa vətəndaşları olur:
"Bizim üçün bütün böyük Avrasiya və Afrika açıqdır. Rusiya ilə birlikdə böyük məkanda təhlükəsizlik, sabitlik və əməkdaşlıq mühiti yaradırıq".
O bildirib ki, Belarus öz məhsullarını xaricə ixrac etmək üçün Rusiya limanlarından rahat istifadə edir.
M.Rıjenkov vurğulayıb ki, Avropa İttifaqı bu qadağalarla özünü böyük bazarlardan məhrum edib:
"Bu gün hamı görür ki, avropalılar özləri necə əziyyət çəkirlər. Əvvəlki kimi ucuz və etibarlı qazları, neftləri, resursları yoxdur. Təyyarələri uça bilmir, mallarını aparıb-gətirmək çox çətinləşib".
XİN rəsmisi əlavə edib ki, Çin, Hindistan, İran, Yaxın Şərq və bütöv Afrika qitəsi də bu mənzərəni görür və bu sanksiyalardan əslində kimin daha çox zərər çəkdiyini yaxşı başa düşür.