BAKI, 27 iyul. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi Ukraynanın İran gəmisinə zərbə endirməsinə cavab veriləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Əzizi qeyd edib ki, İrana qarşı istənilən hücumun nəticəsi olur və Tehran belə addımları cavabsız qoymur.
"İrana qarşı istənilən hücumun əvəzini ödəmək lazım gəlir. Bu, bu gün də belədir. ABŞ və İsrail bunu artıq yaxşı bilir. Ukrayna da çox güman ki, tezliklə anlayacaq ki, İran heç bir addımı cavabsız qoymur. Səhv hesablayanların siyahısı genişlənməkdə davam edir", - deyə deputat "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlayıb. Hadisə nəticəsində gəmi heyətinin bir üzvünün öldüyü bildirilib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Kiyevin bu addımı İsrailin göstərişi ilə atdığını və məqsədin Avropanı Yaxın Şərqdəki müharibəyə cəlb etmək olduğunu iddia edib.