BAKI, 27 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməsinin səbəbinin sursat, o cümlədən hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olması barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, "The Wall Street Journal" nəşrinin yazdığına görə, Tramp ABŞ-nin hərbi arsenalının kifayət qədər böyük olduğunu vurğulayıb.
"Bizdə dünyada hər kəsdən daha çox sursat var və bu, ehtiyacımız olandan da çoxdur", - deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, "The New York Times" qəzeti iyulun 25-də mənbələrə istinadən yazmışdı ki, Tramp ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının və Yaxın Şərqdəki digər HHM vasitələrinin sursatının tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb.
Nəşrin məlumatına görə, iyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn genişmiqyaslı əməliyyatların bərpasının mümkün olduğunu, lakin bunun raket ehtiyatlarını təhlükəli həddə endirəcəyini bildirib.