Türkiyə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Koreyanın JTBC televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Biz həll yolu axtarışında iştirak etməyə və əgər bizdən xahiş olunarsa, qarşı tərəflər arasında bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik" - Fidan qeyd edib.

Hörmüz boğazının tam açılması perspektivlərindən danışan Fidan xatırladıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında gedirdi, lakin mövcud vəziyyəti nəzərə alaraq Hörmüz boğazının statusu daha da aktuallaşıb: "Bəzi hesablamalara görə, Hörmüz boğazı daha bir neçə ay bağlı qalsa, bəzi Afrika ölkələri ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu, hər kəs üçün qlobal kabusa çevriləcək. Buna görə də hər iki tərəf Hörmüz boğazının açılmasına və daha sonra nüvə danışıqlarına keçməkdə çox maraqlıdır".