BAKI, 7 iyun. TELEQRAF
Ermənistan və Rusiya arasındakı münasibətlərin sağlamlaşdırılmasına ehtiyac var və İrəvan parlament seçkilərindən sonra Moskva ilə mövcud problemləri konstruktiv şəkildə müzakirə etməyə ümid edir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, son dövrlərdə Rusiyanın müxtəlif rəsmiləri, deputatları, media və ekspert dairələrinin nümayəndələri Ermənistan hakimiyyətini sərt bəyanatlarla tənqid ediblər. Onun sözlərinə görə, bəzi hallarda Ermənistandakı siyasi proseslərə təsir göstərmək cəhdləri də müşahidə olunub.
Mirzoyan qeyd edib ki, Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi bəzi iqtisadi məhdudiyyətlər də seçki prosesi fonunda diqqət çəkib:
“Düşünürəm ki, Ermənistan-Rusiya münasibətlərinin müəyyən dərəcədə sağlamlaşdırılmasına ehtiyac var. Ümid edirik ki, xüsusilə seçkilərdən sonra rusiyalı tərəfdaşlarla sağlam və konstruktiv mühitdə mövcud problemləri müzakirə edib hər iki ölkənin maraqlarına uyğun həll yolları tapa biləcəyik”.
XİN rəhbəri Baş nazir Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin süni xarakter daşıdığı barədə fikri ilə də razılaşdığını bildirib.
“Bəli, bu gərginlik süni xarakter daşıyır. Çünki bunun üçün ciddi əsas yoxdur”, – deyə Mirzoyan vurğulayıb.
Qeyd edək ki, son aylarda Rusiya rəsmiləri Ermənistandan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı arasında seçim etməsini tələb edən bəyanatlarla çıxış ediblər. Rusiya Prezidenti Vladimir Putin İrəvana bu məsələ ilə bağlı referendum keçirməyi də tövsiyə edib.