BAKI, 7 iyun. TELEQRAF

ABŞ hərbçiləri 2023-cü ilin fevralında "naməlum uçan obyekt" hesab etdikləri hədəfi raketlə vurublar. Sonradan həmin obyektin adi hava şarı olduğu məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə hərbi müxbir Yevgeni Lisitsın özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-nin F-16 qırıcısı radarda aşkar etdiyi hədəfə təxminən 500 min dollar (təxminən 850 min manat) dəyərində AIM-9 Sidewinder raketi ilə zərbə endirib.

Lisitsın bildirib ki, vurulan hava şarı həmin vaxtadək Yer kürəsi ətrafında səkkiz dəfə dövrə vurmuşdu.

Mənbənin iddiasına görə, həmin dövrdə ABŞ hərbçiləri daha bir neçə hava şarını da məhv ediblər.

Keçmiş ABŞ Anomal Hadisələrin Araşdırılması İdarəsinin rəhbəri Şon Kirkpatrikin sözlərinə istinad edən Lisitsın qeyd edib ki, Çin aerostatı ilə bağlı insidentdən sonra NATO ölkələrinin hərbçiləri səmada görünən istənilən naməlum obyektə qarşı həddindən artıq həssas yanaşmağa başlayıblar.

Müəllif vurğulayıb ki, nəticədə yüz minlərlə dollar dəyərində raketdən istifadə olunaraq sadə hava şarı vurulub.