BAKI, 7 iyun. TELEQRAF

Çin Tayvan adasının şərq sularında xüsusi dəniz əməliyyatına başladığını açıqlayıb. Pekin bu addımı Yaponiya və Filippin arasında dəniz sərhədləri ilə bağlı aparılan danışıqlara cavab kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Çin Nəqliyyat Nazirliyinin bəyanatında qeyd olunub ki, Tayvan adasının şərq akvatoriyasında dəniz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi əməliyyat təşkil edilib.

Qurumun açıqlamasına görə, bu qərar Yaponiya və Filippinin "dəniz sərhədləri üzrə danışıqlara" başlaması barədə birtərəfli bəyanatına cavab olaraq qəbul edilib.

Pekin hesab edir ki, həmin danışıqlar Çinin ərazi suverenliyini, eləcə də dənizdəki hüquq və maraqlarını pozur.

Çin tərəfi bildirib ki, ölkənin suveren hüquqlarının qorunması məqsədilə lazımi tədbirlər görüləcək.