BAKI, 7 iyun. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanlandığı müraciət adi xidməti qaydada dövlət başçısına təqdim olunub.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmi sənədlərlə iş prinsiplərinə sadiq qaldıqlarını vurğulayıb: "Biz bürokratlarıq, hər şeyi müəyyən olunmuş rəsmi qaydada edirik".

Xatırladaq ki, V.Zelenski öz saytında açıq məktub dərc edərək Putinə üçüncü ölkədə görüşməyi və münaqişəni bitirməyi təklif edib. Vladimir Putin isə iqtisadi forumdakı çıxışında bu müraciətə cavab olaraq, hazırda belə bir görüş üçün heç bir əsas görmədiyini bəyan edib.

Dmitri Peskov Ukrayna liderinin bu addımını kəskin tənqid edərək, bunu artıq "məktub" adlandırmağın çətin olduğunu bildirib:

"Əgər məktub göndərmək istəyirsənsə göndər. Yox, əgər bunu meqafon vasitəsilə (ictimaiyyətə car çəkərək - red.) edirsənsə, onda buna məktub demə".