BAKI, 7 iyun. TELEQRAF

ABŞ administrasiyası İranın xaricdəki aktivlərinin bir hissəsini Fars körfəzi regionundakı müttəfiq ölkələrin istifadəsinə verməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranın gələcəkdə region ölkələrinə vura biləcəyi mümkün zərərin aradan qaldırılması, bərpa işləri və dəstək məqsədilə həmin aktivlərdən istifadə olunmasını planlaşdırır.

Mənbələrin sözlərinə görə, ABŞ artıq dəymiş zərərlərin kompensasiya edilməsi üçün də İranın aktivlərindən istifadə imkanını nəzərdən keçirir.

Bildirilib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent aidiyyəti qurumlara İranın Fars körfəzi ölkələrinə vurduğu ehtimal olunan zərərin həcmini qiymətləndirmək tapşırığı verib.

Lakin söhbətin konkret olaraq hansı İran aktivlərindən getdiyi açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl İran ABŞ ilə mümkün razılaşma çərçivəsində dondurulmuş 24 milyard dollarlıq aktivlərinin azad edilməsini tələb etmişdi.