BAKI, 7 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla əldə oluna biləcək qısamüddətli razılaşmanın Livan məsələsini əhatə etməsinin onun üçün şərt olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.

"Mən bunu tələb etmirəm. Düşünürəm ki, onlar (İran) bunu istəyərlər, amma mən belə bir tələb irəli sürmürəm", - deyə ABŞ lideri bildirib.

Trampın açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçinin son bəyanatından sonra səslənib.

Əraqçi "Al Mayadeen" telekanalına müsahibəsində İran və ABŞ arasında münaqişənin yalnız İsrailin Livandakı hərbi əməliyyatları dayandıracağı təqdirdə həll oluna biləcəyini söyləmişdi.

Beləliklə, Tramp Vaşinqtonun Tehranla aparılan danışıqlarda Livan məsələsini məcburi şərt kimi irəli sürmədiyini vurğulayıb.