BAKI, 7 iyun. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avropa İttifaqı Ermənistan məhsullarının Avropa bazarına çıxışının genişləndirilməsinə hazırdır.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Paşinyanın sözlərinə görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas telefon danışığı zamanı ona Ermənistan kənd təsərrüfatı məhsullarının Aİ ölkələrinə gömrük rüsumu olmadan ixrac ediləcəyini bildirib.
"Yəni məhsullar azad gömrük rejimi çərçivəsində Avropa bazarına çıxarılacaq", - deyə Ermənistanın Baş naziri qeyd edib.
Paşinyan vurğulayıb ki, bu addım Ermənistan istehsalçıları üçün yeni imkanlar yaradacaq və ölkənin Avropa bazarı ilə iqtisadi inteqrasiyasını gücləndirəcək.