BAKI, 7 iyun. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyinin hüquqşünası Yaakov Rot məhkəmə iclası zamanı bildirib ki, Donald Tramp administrasiyası Azadlıq heykəlini sürətlə sökmək qərarına gəlsəydi, məhkəmələr bunun qarşısını almaqda çətinlik çəkə bilərdi.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, məsələ Ağ Ev ərazisində bal zalının tikintisi ilə bağlı işin müzakirəsi zamanı gündəmə gəlib.
Məhkəmə hakimi Patrisiya Millett administrasiyanın mövqeyini müzakirə edərkən Ədliyyə Nazirliyinin nümayəndəsinə hipotetik sual ünvanlayıb.
"Əgər hökumət çox qısa müddətdə Azadlıq heykəlini buldozerlə sökmək qərarına gəlsə, bunun qarşısını almaq mümkün olmayacaq?" - deyə hakim soruşub.
Yaakov Rot isə buna cavab olaraq, "Düşünürəm ki, bəli", - deyə bildirib.
"Politico" yazır ki, hakimlər Tramp administrasiyasının məhkəmələrin müəyyən layihələrin icrasını dayandıra bilməyəcəyi ilə bağlı mövqeyinə şübhə ilə yanaşıblar. Onların fikrincə, layihə sonradan qanunsuz hesab edilsə belə, onun həyata keçirilməsinin qarşısının alınması məsələsi açıq qalır.
Qeyd edək ki, söhbət real planlardan deyil, məhkəmə müzakirələri zamanı səsləndirilmiş hüquqi və nəzəri ssenaridən gedir.