BAKI, 7 iyun. TELEQRAF
Braziliya hakimiyyəti Avropa İttifaqının ölkədən ət məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qarşı tədbirlər görmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Luis Rua "Folha de S. Paulo" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Braziliya ilk növbədə danışıqlar yolu ilə Avropa İttifaqını tətbiq etdiyi məhdudiyyətləri ləğv etməyə inandırmağa çalışacaq.
"Əgər bizə tərəfdaş kimi yanaşılmadığını görsək, Avropa İttifaqının addımlarına necə cavab verə biləcəyimizlə bağlı artıq müəyyən fikirlərimiz var", - deyə Rua qeyd edib.
Rəsmi xatırladıb ki, beynəlxalq ticarətdə qarşılıqlılıq prinsipi mövcuddur və Braziliya zərurət yaranacağı təqdirdə bu mexanizmdən istifadə edə bilər.
Braziliya hökuməti hesab edir ki, mövcud ticarət məhdudiyyətləri iki tərəf arasında iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər.