BAKI, 4 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı liberal yönümlü media qurumlarını növbəti dəfə sərt tənqid edib və CNN telekanalını “zibil” adlandırıb.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərlə söhbəti zamanı Tramp CNN, eləcə də “The New York Times” qəzetinin tərəfdarlarına qarşı qərəzli münasibət sərgilədiyini bildirib.
“CNN və “The New York Times” kimi saxta media qurumları bizim insanlara çox pis davranıblar”, - ABŞ lideri deyib.
Məlumata görə, Tramp CNN jurnalisti Keytlan Kollinsin sualını cavablandırarkən media qurumuna qarşı kəskin ifadələr işlədib. Söhbət əvvəlki prezident Co Bayden dövründə siyasi təqiblərə məruz qaldığı iddia edilən Tramp tərəfdarlarına kompensasiya ödənilməsi üçün nəzərdə tutulmuş 1,8 milyard dollarlıq fondun taleyindən gedib.
Jurnalistin əlavə sual vermək cəhdinə cavab olaraq Tramp ona “Bir dəqiqə, susun! Siz utanmalısınız” deyə müraciət edib.
ABŞ prezidenti CNN-i yalan məlumatlar yaymaqda ittiham edib.
“CNN xüsusilə yalan reportajları ilə seçilir. İndi onların yeni sahibi var və bəlkə vəziyyəti düzəldə bilərlər. Amma buna şübhə edirəm. Zibillə işləyərkən vəziyyəti düzəltmək çətindir”, - Tramp bildirib.
O, CNN-i “çox korrupsiyalaşmış təşkilat” adlandıraraq telekanalın müxbiri barədə də tənqidi fikirlər səsləndirib.