BAKI, 4 iyun. TELEQRAF
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, Azərbaycan millisi həlledici görüşdə Ukrayna yığması ilə üz-üzə gələcək.
Bratislavadakı “Tipos Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, yığmamız yarımfinalda Serbiya seçməsini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Azərbaycan penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda qrup mərhələsində Avstriyanı (1:0), İtaliyanı (3:0) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri kimi pley-offa yüksəlib. Millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edərək finala vəsiqə qazanıb.