BAKI, 4 iyun. TELEQRAF
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb.
Teleqraf xəbər verir ki, forumun əsas məqsədi ölkədə milli kibertəhlükəsizlik ekosistemini inkişaf etdirmək və dövlət-özəl sektor tərəfdaşlığını gücləndirməkdir.
Beynəlxalq ekspertlərin və qlobal İT şirkətləri rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsal transformasiya dövrünün kibertəhdidləri, süni intellektin sahəyə təsiri, kritik infrastrukturun qorunması və kibercinayətkarlıqla mübarizə mexanizmləri müzakirə olunur.
Xüsusi sessiyalar çərçivəsində beynəlxalq qlobal vendorlarla əməkdaşlıq addımları elan olunacaq və "Huawei" şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatı təqdim ediləcək.
Forum iştirakçıları üçün təşkil olunan sərgi zonasında yerli və beynəlxalq şirkətlər öz innovativ texnologiyalarını, kibermüdafiə məhsullarını və startap həllərini nümayiş etdirirlər.
Tədbirin rəqəmsal təhlükəsizlik sahəsində təcrübə mübadiləsinə və yeni birgə təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.