BAKI, 13 may. TELEQRAF
Avropa İttifaqının Braziliyadan ət idxalına tətbiq etdiyi məhdudiyyətlər bu ölkəyə 1,8 milyard dollardan çox zərər vura bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Brasil 247" portalı ilkin mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Braziliya ətinin ən böyük idxalçıları arasında Çindən sonra ikinci yerdədir. Bildirilir ki, 2025-ci ildə Aİ ölkələri Braziliyadan əsasən mal əti olmaqla 368 min tondan çox məhsul alıb.
Portal qeyd edib ki, məhdudiyyətlər Braziliya məhsullarının sanitariya normalarına uyğun gəlməməsi səbəbindən tətbiq olunub. Söhbət heyvanların yetişdirilməsi zamanı antimikrob preparatlardan istifadədən gedir.
Braziliya hakimiyyəti isə qərarın ləğvi və ölkənin yenidən ixrac hüququ olan dövlətlər siyahısına qaytarılması üçün bütün zəruri addımların atılacağını açıqlayıb.