BAKI, 13 may. TELEQRAF
Böyük Britaniya kralı Charles III Baş nazir Keir Starmer ətrafında istefa müzakirələrinin getdiyi bir vaxtda parlamentdə hökumətin illik proqramını təqdim edəcək.
Teleqraf xəbər verir ki, mayın 13-də keçiriləcək yeni parlament sessiyasının açılış mərasimində kralın taxt nitqi ilə çıxış edəcəyi bildirilib. Ənənəyə uyğun olaraq hökumət tərəfindən hazırlanan nitqdə iqtisadiyyat, energetika, milli təhlükəsizlik, təhsil, səhiyyə və nəqliyyat sahələrini əhatə edən 35 qanun layihəsinin təqdim olunacağı gözlənilir.
Məlumata görə, Leyboristlər Partiyasının yerli seçkilərdə uğursuz nəticə göstərməsindən sonra Starmerin istefası ilə bağlı çağırışlar artıb. Təxminən 90 deputat onun vəzifədən getməsini istəyib.
Buna baxmayaraq, Starmer hələlik həm baş nazir, həm də partiya lideri postunu qoruyur. Britaniya mətbuatının yazdığına görə, kralın çıxışından əvvəl Starmerin mümkün varisi sayılan səhiyyə naziri Ues Stritinq ilə görüş keçirəcəyi də gözlənilir.