BAKI, 12 may. TELEQRAF

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyata başlayacağına inanmadığını bildirib.

Teleqraf xəbər verir ki, diplomat bunu TASS agentliyinə müsahibəsində deyib.

“Belə ehtimal hər zaman var. Amma düşünürəm ki, ABŞ məsələsində bu ehtimal çox aşağıdır. İsrail üçün mümkündür, lakin ABŞ-nin əməliyyatları bərpa etməsi inandırıcı görünmür”, - səfir qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə söhbət Tehranda hakimiyyət dəyişikliyindən gedirdi, daha sonra nüvə məsələsi ön plana çıxdı, hazırda isə əsas mövzu Hörmüz boğazının açılmasıdır.

Tirmizi bildirib ki, regionda genişmiqyaslı əməliyyat üçün lazım olan hərbi qüvvə toplanması və dinamika müşahidə olunmur.

“Bir neçə gün əvvəl lokal toqquşmalar gördük. Amma yaxın gələcəkdə böyük əməliyyat ehtimalını görmürük. Altı ay və ya bir ildən sonrakı vəziyyəti isə proqnozlaşdırmaq çətindir”, - diplomat vurğulayıb.

Pakistanın uzunmüddətli və hər kəs üçün qəbul edilə bilən həll variantının tapılacağına inandığını deyən səfir əlavə edib ki, bu müharibədə qalib olmayacaq.

Qeyd edək ki, TASS müsahibədə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başladığını yazıb. Agentliyin məlumatına görə, sonradan tərəflər arasında atəşkəs elan edilsə də, Tehran və Vaşinqton arasında danışıqlar yekun razılaşma ilə nəticələnməyib.