BAKI, 14 iyul. TELEQRAF

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin ölkədən çıxışına icazə verilib.

Teleqraf-ın əldə etdiyi hərbi xidmətə çağırılan 25 yaşlı futbolçu ilə bağlı AFFA və aidiyyəti dövlət qurumlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciəti müsbət nəticələnib.

Futbolçunun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması istiqamətində prosedur yekunlaşıb.

Qeyd edək ki, yay fasiləsində Bakıya gələn müdafiəçi iyulun 8-də toplanışa qatılmaq üçün Albaniyaya yollanmaq istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı. Bu səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməyib.

Bununla belə, Albaniya klubu Zamiq Əliyevin ən qısa zamanda komandaya qoşulmasını tələb edir. Futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, onun adının növbəti təsnifat mərhələsi üçün UEFA-ya təqdim olunacaq iştirak ərizəsinə salınacağı özünə bildirilib.

Xatırladaq ki, 2024-cü ildən “Eqnatiya”nın formasını geyinən Zamiq Əliyevin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.