BAKI, 14 iyul. TELEQRAF

Heydər Bammat arxivində Azərbaycan” layihəsində beşinci yazı

1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra mühacirətə gedən siyasi liderlərin Paris, İstanbul, Varşava, Berlin kimi şəhərlərdə apardıqları istiqlal mübarizəsi tariximizin ən parlaq səhifələridir. Xüsusilə 1955-ci ildə Məhəmmədəmin Rəsulzadənin vəfatına qədər olan dövrdə mühacirlər Azərbaycanın yenidən istiqlal qazanması uğrunda müxtəlif təşkilatlar qurub, Polşa, Almaniya, Türkiyə kimi dövlətlərdən dəstək alıblar. Bu dövrdə önə çıxan əsas liderlər Rəsulzadə ilə yanaşı Xəlil bəy Xasməhəmməd, Xosrov bəy Sultanzadə, Əlimərdan bəy Topçubaşı, Miryaqub Mirmehdizadə və digərləri olublar.

Şübhəsiz ki, mühacirətdəki ağır şərtlər, şəxsi münasibətlər, siyasi eqolar zaman-zaman liderlər arasında qarşılıqlı ittihamlara və cəbhələşmələrə zəmin yaradıb. Nəticədə Azərbaycanda olduğu kimi mühacirətdə də ən güclü siyasi təşəkkül olan Müsavat Firqəsindən ayrılanlar və ya çıxarılanlar olub.

Bu konteksdə Rəsulzadəyə müxalif olan cəbhə arasında yer alan Cümhuriyyətin ilk hərbi naziri, Qarabağın hərbi valisi Xosrov bəy Sultanzadənin mühacirətdə ayrıca bir siyasi partiya qurması maraqlı tarixi hadisədir.

1922-ci ilin sonlarında M. Rəsulzadənin İstanbula gəlişinə qədər mühacirətdə əsas aparıcı qüvvə Əlimərdan bəy Topçubaşının rəhbəri olduğu Parisdəki Azərbaycan Nümayəndə Heyəti idi. Lakin SSRİ-nin qısa zamanda böyük dövlətlər tərəfindən tanınması, nümayəndə heyətinin nüfuzunu itirməsi nəticədə hərəkətverici qüvvənin İstanbula yönəlməsinə səbəb oldu. Artıq 1923-cü ilin sonlarından etibarən İstanbuldakı mühacirləri bir araya toplaya bilən, “Yeni Kafkasya” kimi mühüm mətbu orqan çıxaran Rəsulzadə 1924-cü ildə Musa bəy Rəfiyevin rəhbəri olduğu Azərbaycan Komitəsinin başına keçərək liderliyi öz əlinə almışdı. Həmin ildən Azərbaycan İstiqlal Komitəsi adlanan bu qurum bütün siyasi görüşlərin fövqündə dayanacaq bir təşəkkül rolunu üstləndiyini elan etmiş və mühacirətdəki vahid qüvvəyə çevrilmişdi.

Lakin bu komitədə yenə də müsavatçıların ön planda olması digər liderləri narahat etməyə başlamış, nəticədə Xosrov bəy Sultanzadə 1924-cü ilin payızında İstanbulda Müsavat Firqəsindən ayrılan şəxsləri ətrafına yığaraq Azərbaycan Milli Demokrat Cümhuriyyət Firqəsini elan etmişdi. Giorgi Mamuliya ilə Ramiz Abutalıbovun yazdığına görə, yeni partiyanın adı onun öz növbəsində Gürcüstanın Sosial Demokrat Partiyasına müxalifətdə olan gürcü milli demokratları ilə ideoloji yaxınlığına dəlalət edirdi.

Xosrov bəy qısa zamanda partiyasını gücləndirməyə çalışmış, hətta Cənubi Azərbaycana keçdiyi zaman orada firqəsinin təbliğatını aparmış, gürcü milli-demokratları və dağlılarla Qafqaz Konfederasiyası əsasında sazişə girdiyini, konfederatların arxasında İngiltərə və Polşanın dayandığını, SSRİ-də dəyişiklik olduğu halda və müdaxilə olduğu təqdirdə azərbaycanlılar fəaliyyətə hazır olmalarını bildirmişdi.
Beləliklə, Xosrov bəy aktiv olduğu 1920-ci illərdə qurucusu olduğu bu təşkilat vasitəsilə Rəsulzadənin rəhbəri olduğu siyasi təşəkküllərə müxalif mövqe sərgiləyərək öz nüfuzunu göstərmək istəmişdir.

Şübhəsiz ki, mühacirətdəki qarşıdurmaların, fikir ayrılıqlarının təbii olduğunu qəbul etməklə yanaşı Xosrov bəyin qurduğu yeni partiyanın Azərbaycan siyasi tarixi baxımından əhəmiyyət kəsb etdiyini bildirməliyik. Xoşbəxtlikdən Heydər Bammat arxivində Xosrov bəyin yazdığı onlarla məktubla yanaşı qurduğu partiyanın proqramı vardır. Əski əlifbada Azərbaycan dilində yazılan proqramın mətnini ilk dəfə olaraq təqdim edirik:

***

Azərbaycan Milli Demokrat Cümhuriyyət Firqəsinin Proqramı

Azərbaycanın hürriyyət və iqtisad yolunda yüksəlməsi və azərbaycanlıların gündən-günə feyz və səadətə məzhər olması üçün firqəmiz aşağıkı proqramı qəbul edər:

1. Azərbaycanın tam istiqlalı;

2. Bütün Qafqas üçün müştərək ordu, müştərək siyasəti-xariciyyə, müştərək gömrük, müştərək para, müştərək vəsaiti-nəqliyyə, müştərək posta və teleqrafı havi olacaq konfederativ bir idarənin əsasları üzərinə Azərbaycanın digər Qafqas cümhuriyyətləri ilə ittihadı;

3. Cins (qadın və erkək), sərvət və din fərqi gözətilməksizin sinni-rüşdə vasil olmuş hər vətəndaşın müstəqil bir dərəcəli rəyi-xəfisi ilə intixab olunacaq millət məclisinə müstənid hakimiyyəti-milliyyənin təsisi;

4. Məhkəmələrin istiqlalı;

5. Bütün vətəndaşlar arasında hüquqi-tammeyi-mütəsaviyənin təsisi və əsalət və nəcabət ənənələrinə ibtina edən fərqlərin və hüquqi-qədimənin ilğası;

6. Hürriyyəti-kəlam, hürriyyəti-mətbuat, hürriyyəti-ictima və hürriyyəti-cəmiyyətin təmini;

7. Hürriyyəti-diniyyə;

8. Milli ordu təsisi;

9. Ümumi, məccani və məcburi təhsili-ibtidai;

10. Məclisi-müəssisanın təyin edəcəyi miqdara görə əfradın ərazi üzərindəki hüququnun yenidən təsisi. Bunun üçün də bilfel işlənən ərazi nəzəri-etibara alınacaq və hüquqi-müktəsəbə himayə ediləcəkdir.

11. Məclisi-müəssisanın təyin edəcəyi miqdardan fəzlə əraziyə malik olanlardan artan qismi hökumət tərəfindən satın alınmaq surətilə istirdad olunacaqdır. Məəmafih xəzineyi-milləti viqayə üçün bu xüsusda lazım olacaq məbləğ böyük sərmayədarlara xüsusi vergilər təhmil edilmək surətilə təmin olunacaqdır.

12. Firqə bilxassə ziranın ehtiyaclarını təhvin etməyə çalışacaq və bunun üçün ziraət bankalarının təsisinə, ziraət məktəblərinin açılmasına, nümunə çiftliklərinin vücuduna gətirilməsinə və heyvanatın islah və təksirinə qeyrət edəcəkdir.

13. Bütün məmləkətdə ziraətə ariz olan hər növ zərər və xəstəliklərlə mücadilə edilməsi, məmləkətin irva və isqası üçün kanal şəbəkələrinin təsisi və bataqlıqların qurudulması firqəmizin cümleyi-amalındandır.

14. Firqəmiz məmləkətin inkişafına qədər uzun vədələr və müsaid şəraitlə köylüyə ziraət makinaları və toxumluq verilməsinə, fəqirlərə məccani yardımlar yapılmasına və ziranın alım və satım müamilələrini tənzim üçün hökumət himayəsi ilə zira arasında kooperativlər təsisinə dəlalət edəcəkdir.

15. Firqəmiz gərək böyük müəssəsatın, gərək küçük sənayeyi-milliyyənin inkişafına qeyrət edəcəkdir.

16. Məmləkətin hər tərəfində türüqi-müvasilənin islah və tövsisi.

17. Varidatın təzayüdü nisbətində mütəzayid vergi tərhi.

18. Firqəmiz əmələ həyatının daima iyiləşməsi üçün çalışacaqdır. Saəti-məsainin səkkiz olaraq qəbulu, qadınların və çocuqların zəfiyyəti-təbiiyyələri nəzəri-etibara alınaraq himayə edilməsi, nisbətən daha az müddətlə onların çalışdırılması və təhlükəli xidmətlərdən uzaq tutulması.

19. Qanuni-məxsusla ixtiyar əmələnin həyatının təmini və bu kibilərin işləyəməyəcək ailə əfradı varsa, onların da iaşəsi.

20. Xəstəlik və qəza üzündən çalışamayacaq əmələnin hökumət nam və hesabına sığorta edilməsi.

21. Əmələ ilə sərmayədarlar arasındakı münasəbatın kollektiv müqavilələrlə təhti-intizama alınması və bu müqavilələrin həll edəməyəcəyi münaziələr üçün məcburi hökmi-arbitraj üsulunun tətbiqi.

22. Cinsi və məzhəbə baxmaqsızın bilümum yetim və kimsəsiz çocuqların və acizlərin himayəsi üçün darüleytamlar və darüləcəzələr təsisi.
Proqramın şərhi

Beləliklə, 22 maddədən ibarət olan proqramın ilk maddəsində qarşıya qoyulan başlıca hədəfin Azərbaycanın istiqlalı olduğu açıq şəkildə yazılıb. Qafqaz Konfederasiyası ideyasını dəstəkləyən partiya ortaq hökumətin, ortaq xarici siyasətin, ortaq ordunun, ortaq pul vahidinin gərəkli olduğunu qeyd edib. Cinsindən, məzhəbindən asılı olmayaraq yetkinlik yaşına çatmış şəxslərin səsverməsi ilə Millət Məclisinin seçiləcəyi ifadə olunub. Vətəndaşların bərabərliyini müdafiə edən firqə azad məhkəmə, azad din, azad mətbuat tərəfdarı kimi çıxış edib. İbtidai məktəblərin məcburi olacağını, milli ordunun qurulacağını bəyan edən proqramda fərdlərin ərazi üzərində mülkiyyət haqqının mövcudluğu bildirilib. Görünür, Cümhuriyyət dövründəki torpaq məsələlərinin həll edilməməsinin hökumətə problem yaratdığını unutmayan Xosrov bəy ziraətlə bağlı məsələlərə proqramda geniş yer verib. Eləcə də proqramın sonunda işçi hüquqlarına daha çox maddə ayırıb.

Əlbəttə, Müsavat Firqəsinin proqramı ilə müqayisədə yoxsul görünən bu proqramın bir qədər tələsik hazırlandığı açıq şəkildə sezilməkdədir. Rəsulzadənin ideoloji və ictimai-siyasi təcrübəsinin daha geniş olduğunu nəzərə alsaq, bunu təbii qəbul etməliyik.
Bütün hallarda Xosrov bəy Sultanzadənin qurduğu Azərbaycan Milli Demokrat Cümhuriyyət Firqəsinin proqramı siyasi tariximiz üçün olduqca əhəmiyyətlidir.