BAKI, 14 iyul. TELEQRAF

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı, Lift Təsərrüfatı, İşıqlandırma Təsərrüfatı, Yaşıllaşdırma Təsərrüfatı müəssisələrinin “nümunəvi strukturu və ştat vahidləri” təsdiq edilib.

Bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində: 6.1. tabeliyində olan mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əsasında məhdud məsuliyyətli cəmiyyəti statusunda müvafiq olaraq Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Lift Təsərrüfatı Müəssisəsinin, İşıqlandırma Təsərrüfatı Müəssisəsinin və Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

BŞİH Müəssisələrin nizamnaməsinin hazırlanmasını təmin edilməli və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər görülməlidir. Müəssisələrin strukturunu və ştat vahidlərini bu Qərarın 1-4-cü hissələri nəzərə alınmaqla təsdiq edib Nazirlər Kabinetinə məlumat verməli və bu müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilmiş Vahid Tarif Cədvəlinə uyğun müəyyən etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə, Bakı şəhərinin ərazisində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməlidir.