BAKI, 12 may. TELEQRAF
İraq və İran iki ölkə arasındakı sərhəddə təhlükəsizlik nəzarətinin gücləndirilməsi barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Ərəcinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bağdadda keçirilən İraq-İran Ali Təhlükəsizlik Komitəsinin iclasında tərəflər regionda sabitliyə təhlükə yaradan silahlı və terrorçu qrupların sərhəd boyunca hərəkətinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Məlumata görə, tərəflər təhlükəsizlik sahəsində birgə koordinasiyanın gücləndirilməsi, sərhəd nəzarətinin sərtləşdirilməsi və hər iki ölkənin təhlükəsizliyinə təhdid yarada biləcək silahlı qrupların fəaliyyətinin qarşısının alınması ilə bağlı razılığa gəliblər.
Açıqlamada qeyd olunub ki, İran tərəfi İraq Kürdüstanı muxtar bölgəsində fəaliyyət göstərən bəzi İran silahlı qrupları barədə məlumat təqdim edib.
Tərəflərin bu məsələ ilə bağlı zəruri tədbirlərin görülməsi barədə də anlaşma əldə etdiyi bildirilib.