BAKI, 20 fevral. TELEQRAF
ABŞ ötən həftə BMT-nin müntəzəm büdcəsinə borcunun bir hissəsi olaraq 160 milyon dollar vəsait köçürüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a açıqlamasında təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, sözügedən məbləğ BMT-nin müntəzəm büdcəsi üzrə yığılan borcun qismən ödənişidir.
Fevralın əvvəlinə olan məlumata əsasən, ABŞ-nin BMT qarşısında borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da təşkilata üzv bütün ölkələrin ümumi borcunun 95 faizinə bərabərdir. Bundan əlavə, ABŞ-nin BMT-nin sülhməramlı əməliyyatları üzrə təxminən 2,4 milyard dollar, tribunal büdcəsi üzrə isə daha 43 milyon dollar borcu var.