BAKI, 14 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 25-də Polşaya səfəri çərçivəsində Polşa Beynəlxalq Əlaqələr İnstitutunda mühazirə ilə çıxış edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə institutun yaydığı rəsmi bəyanatda bildirilir.
Məlumata görə, mühazirə "Ermənistan və Cənubi Qafqazda yeni sülh arxitekturası" mövzusuna həsr olunacaq:
"Ermənistan son iki ildə xarici siyasətində köklü dəyişikliklər həyata keçirir. İrəvanın Rusiya ilə əvvəllər mövcud olan və "şəraitin diqtə etdiyi" formal ittifaqı artıq əhəmiyyətini itirməkdədir. Ermənistan hökuməti hazırda bu asılılığı Avropa İttifaqı və ABŞ ilə strateji əlaqələri sıxlaşdırmaqla balanslaşdırmaq kursunu götürüb".
İnstitutun bəyanatında qeyd olunur ki, otuz illik münaqişədən sonra Ermənistan və Azərbaycan ABŞ-nin fəal dəstəyi ilə sülhə sadiqliklərini nümayiş etdirirlər:
"N.Paşinyan çıxışında regionda uzunmüddətli sabitliyin bərqərar olması yolları, sülh prosesinin detalları və bu prosesdə Qərb tərəfdaşlarının rolu barədə İrəvanın baxışlarını təqdim edəcək".