BAKI, 31 yanvar. TELEQRAF
ABŞ Konqresinin Senatı federal hökumətin fəaliyyətinin 2026-cı il sentyabrın 30-dək maliyyələşdirilməsini nəzərdə tutan qanunvericilik paketini qəbul edib.
Teleqraf xəbər verir ki, səsvermə yanvarın 30-da Konqresin yuxarı palatasında keçirilib.
Məlumata görə, qanunvericilik paketinin lehinə 71 senator səs verib, 29 nəfər isə əleyhinə çıxıb.
Daha əvvəl qanunvericilər hökumətin maliyyələşdirilməsi üzrə tədbirlər paketinin yalnız ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsinə dair qanun layihəsinin sənəddən çıxarılması şərti ilə irəli aparılması barədə razılığa gəliblər.
Bununla belə, maliyyələşdirmənin Senat tərəfindən təsdiqlənməsinə baxmayaraq, yanvarın 31-nə keçən gecə ABŞ-də federal hökumətin fəaliyyəti qismən dayandırılacaq. Buna səbəb Senatın qəbul etdiyi sənədlər paketinin hələ Nümayəndələr Palatası tərəfindən təsdiqlənməməsidir. Aşağı palata yalnız bazar ertəsi işə başlayacaq. Paket Nümayəndələr Palatasında qəbul edildikdən sonra imzalanmaq üçün prezident Donald Trampa göndəriləcək.
Qeyd edək ki, Demokrat Partiyasının nümayəndələri ABŞ vətəndaşının Minnesotanın Minneapolis şəhərində sərhəd xidməti əməkdaşı tərəfindən açılan atəş nəticəsində həlak olmasından sonra DTN-nin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə yenidən baxılmasını tələb ediblər. Nazirliyin maliyyələşdirilməsi mövcud həcmdə iki həftəlik uzadılacaq, eyni zamanda İmmiqrasiya və Gömrük Xidməti (ICE) üzrə islahatlarla bağlı danışıqlar aparılır.