BAKI, 27 yanvar. TELEQRAF

Venesuela hökuməti yalnız ölkə xalqına tabedir və heç bir xarici qüvvənin göstərişlərini qəbul etmir.

Teleqraf xəbər verir ki, bunu respublikanın səlahiyyətli Prezidenti Delsi Rodrigez dövlət televiziyası "Venezolana de Television"un efirində bildirib.

Rodrigez qeyd edib ki, Venesuela hökumətinin yeganə legitim mənbəyi xalqdır və ölkənin idarə olunmasında kənar amillərin rolu yoxdur. Onun sözlərinə görə, Venesuela xalqı heç bir xarici gücün diktəsini qəbul etmir.

Səlahiyyətli prezident ABŞ-nin maliyyə naziri Skott Bessentin son açıqlamalarını uyğunsuz və təhqiredici adlandırıb. Rodrigez vurğulayıb ki, Venesuela ABŞ ilə hörmətə əsaslanan münasibətlərdən çəkinmir, lakin bu əlaqələr beynəlxalq hüquqa və respublikanın tarixinə hörmət çərçivəsində qurulmalıdır.

Xatırladaq ki, Skott Bessent daha əvvəl ABŞ-nin Venesuelanı idarə edəcəyini, ölkənin neft və digər resurslarının satışına nəzarət edəcəyini, həmçinin Vaşinqtonun uyğun gördüyü vaxt “azad və ədalətli seçkilər”in keçiriləcəyini bəyan etmişdi.