BAKI, 27 yanvar. TELEQRAF

ABŞ administrasiyasının nümayəndələri bu həftə prezident Donald Trampa İrana qarşı mümkün hərbi zərbələrlə bağlı yeni variantlar təqdim edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın əvvəlində Tramp İranda baş verən etirazlar fonunda ölkəyə zərbələr endirilməsi barədə əmr verməyə yaxın olub. Lakin qərar təxirə salınıb və paralel olaraq ABŞ hərbi qüvvələrinin regionda cəmləşdirilməsi həyata keçirilib. Ağ Ev rəsmilərinin bildirdiyinə görə, etirazların əsasən yatırılmasına baxmayaraq, İrana qarşı hərbi zərbələr ehtimalı gündəmdə qalır.

Mənbələr qeyd ediblər ki, Tramp hələlik yekun qərar qəbul etməyib. Gözlənilir ki, yaxın günlərdə əlavə məsləhətləşmələr aparılacaq və prezidentə hərbi gücdən istifadə ilə bağlı əlavə təkliflər təqdim olunacaq.

Tramp daha əvvəl "Axios"a verdiyi müsahibədə İrana yaxın ərazilərdə böyük həcmdə ABŞ hərbi qüvvələrinin cəmləşdirildiyini bildirib, həmçinin Tehranın Vaşinqtonla dialoqa və mümkün razılaşmalara hazır olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bağayi isə açıqlamasında ölkə Silahlı Qüvvələrinin Yaxın Şərqdə ABŞ ordusunun bütün hərəkətlərini diqqətlə izlədiyini və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün zəruri tədbirlərin görüldüyünü deyib.

Xatırladaq ki, yanvarın 23-də Tramp ABŞ-nin İrana nəzarəti gücləndirdiyini və regiona əhəmiyyətli hərbi qüvvələr göndərdiyini açıqlamışdı.