BAKI, 21 yanvar. TELEQRAF
İsrail Xarici İşlər Nazirliyi Qüdsdə əvvəllər BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (BAPOR) ofisinin yerləşdiyi bina kompleksinin müsadirəsinin qanuni olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail XİN-in açıqlamasında bildirilir.
Nazirlik vurğulayıb ki, sözügedən kompleks heç bir toxunulmazlıq statusuna malik deyil və onun İsrail hakimiyyəti tərəfindən müsadirəsi həm İsrail, həm də beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilib. Açıqlamada qeyd olunub ki, bu addım yeni siyasət deyil, mövcud İsrail qanunvericiliyinin BAPOR-a münasibətdə icrasıdır.
İsrail XİN-in məlumatına görə, BAPOR-un İsraildə fəaliyyəti bir il əvvəl qadağan edilib və kompleks uzun müddətdir boş vəziyyətdə idi. Bildirilib ki, Qüdsdə yerləşən binalar kompleksinin mülkiyyəti İsrail dövlətinə məxsusdur və hazırda ərazidə İsrail Torpaq Resursları İdarəsi fəaliyyət göstərir. Yanvar 2025-ci ildə müvafiq qanun qəbul edilməzdən əvvəl BAPOR artıq bu məkanda fəaliyyətini dayandırmışdı və həmin vaxtdan etibarən orada nə agentliyin əməkdaşları, nə də BMT-yə aid hər hansı fəaliyyət mövcud olub.
Açıqlamada İsrail tərəfi bir daha BAPOR-un Fələstinin radikal HƏMAS və “İslami Cihad” hərəkatları ilə birbaşa əlaqədə olması iddiasını səsləndirib. İsrail XİN-in fikrincə, agentliyin əməkdaşları 2023-cü il 7 oktyabr hadisələrində iştirak edib, israillilərin qaçırılmasına cəlb olunub. Nazirlik həmçinin iddia edir ki, BAPOR-un infrastrukturu tunellərin tikintisi, raket hücumları və terror fəaliyyəti üçün istifadə olunub.